Xəzər Xəbər

Trampın Qüds qərarının 4 SƏBƏBİ

Dünya | 13:57 • 7 Dekabr 2017
Trampın Qüds qərarının

ABŞ prezidenti Donald Trampın dünən verdiyi bəyanatla Qüdsü İsrailin paytaxtı kimi tanıması bir anda dünyanın bir nömrəli mövzusuna çevrildi. Qərar ərəb və müsəlman dünyasında bomba effekti yaratdı və diqqətlə qarşılandı.

Hazırda əsas sual Ağ Evin sahibinin belə bir addım atmasının səbəbləri ilə bağlıdır. Brokinqs İnstitutu ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı araşdırma aparıb. Dekabrın 1-də dərc edilən nəticələrə görə, amerikalıların 63 faizi səfirliyin Qüdsə köçürülməsinə qarşı çıxır. Tramp daxili və xaricdə səslənən etirazlara baxmayaraq, bunda niyə təkid edir? Ehtimallara görə, bunun 4 səbəbi var.

1. Tramp "icraatçı prezident” olduğunu sübut etməyə çalışır.

ABŞ Konqresi 1995-ci ildə Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi barədə qərar qəbul edib, amma o vaxtdan heç bir prezident bu addımı atmayıb. Tramp bu qərarı 22 il sonra icra edən prezident olaraq tarixə düşmək istəyir.

2. Tramp respublikaçı seçicilər üçün şou göstərmək istəyir.

Brookinqs İnstitutunun araşdırması demokratların böyük əksəriyyətinin Qüds qərarına qarşı çıxdığını, respublikaçıların isə bu mövzuda parçalandığını göstərir. Tramp yəhudi lobbisi üzərində respublikaçıların nüfuzunu yüksəltməyə çalışır.

3. Sülh danışıqlarını başa çatdırmaq üçün Fələstinə güc nümayişi edir.

Bu ehtimala görə, Tramp "İsrail-Fələstin problemini həll edən prezident” kimi tarixə düşmək üçün Fələstini danışıqlar masasında çətin vəziyyətə salmaq istəyir.

4. Məlumatsızdır, yaxud da yanlış istiqamətləndirilir.

Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması və Amerika səfirliyinin bu şəhərə köçürülməsinin nəticələrini proqnozlaşdıra bilmir. Daha bir ehtimal onun məsləhətçiləri tərəfindən səhv istiqamətləndirilməsidir./publika.az

Xəbər lenti