Xəzər Xəbər

Qasırğa 8 nəfərin həyatına son qoyub, 86 balıqçı itkin düşüb

Dünya | 15:35 • 1 Dekabr 2017
Qasırğa 8 nəfərin həyatına son qoyub, 86 balıqçı itkin düşüb

Hindistanın cənub ştatlarında qasırğa ilə müşayiət olunan "Okhi” siklonu nəticəsində azı 8 nəfər həlak olub, 86 nəfər isə itkin düşüb.


NDTV telekanalının yaydığı məlumata görə, qasırğa ölkənin Kerala və Tamiland ştatlarına noyabrın 30-da çatıb. Tamiland ştatının Kanyakumari şəhərinin alçaqlıqda yerləşən rayonlarından 845 nəfər təxliyə olunub. Qasırğa zamanı dənizdə olan 86 balıqçının axtarışları davam edir.


Hindistanın meteoroloji xidməti küləyin sürətinin saatda 65-75 kilometrə çatdığını bildirib. Cənub ştatlarının 4 şəhərində məktəblər bağlanıb, insanlara evlərini tərk etməmək tövsiyə olunub. Siklon səbəbindən bəzi rayonlar elektriksiz qalıb.


Ölkənin cənub ştatlarında, həmçinin Andaman, Nikobar və Lakşadvip adalarında qasırğanın sutka ərzində davam edəcəyi gözlənilir.

Xəbər lenti