Xəzər Xəbər

“Bircə yol qalıb ki, xalq acından ölsün” BMT Təhlükəsizlik Şurasında FÖVQƏLADƏ İCLAS

Dünya | 16:16 • 29 Noyabr 2017
“Bircə yol qalıb ki, xalq acından ölsün”

Şimali Koreyanın ötən gecə növbəti raket sınağını keçirməsi ilə Koreya yarımadası ətrafında vəziyyət daha da gərginləşdi. Raket 4 min 475 kilometr hündürlüyə qalxdıqdan sonra 950 kilometr uçub və Yaponiya sahillərinə düşüb. Raket 53 dəqiqə havada qalıb. Pxenyandan verilən açıqlamaya görə, yeni raket "Xvason-15” adını alıb.

Şimali Koreya lideri Kim Çen In isə raket sınağından sonra nüvə güclərinin yaradılmasının tamamlandığını bəyan edib.

Pxenyan, həmçinin Vaşinqtonun iddiasına görə, "Xvason-15” qitələrarası ballistik raketi ABŞ-ın istənilən nöqtəsinə nüvə hərbi yükünü çatdırmağa qadirdir.

ABŞ, Yaponiya və Cənubi Koreyanın ilkin hərbi analizinə əsasən, raket öz xarakteristikalarında bütün əvvəlki modifikasiyaları üstələyir.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) bəyanatına qədər Yaponiya və ABŞ-ın hərbi ekspertləri bəyan etdilər ki, raket qitələrarasıdır və 13 min kilometr məsafəni qət edərək Vaşinqtona çata bilər. "Xvason-15” iyulda sınaqdan keçirilmiş "Xvason-14”-ün daha müasir modifikasiyasıdır.

Pxenyan

Pxenyanın bəyanatında deyilir ki, "Xvason-15” ilə Birləşmiş Ştatların istənilən nöqtəsinə zərbə vurmaq mümkündür.

"Yeni qitələrarası ballistik raket ağır nüvə döyüş başlığı ilə təchiz edilir. "Xvason-15”-lə ABŞ-ın bütün materik hissəsinə zərbə vurula bilər”, - Şimali Koreyanın Rusiyadakı səfirliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, KXDR-in strateji silahının inkişafı ölkənin müstəqilliyi, ərazi bütövlüyü və ABŞ nüvə şantajından müdafiəyə xidmət edir.

Şimali Koreyanın dövlət televiziyası ilə yayılan bəyanatda vurğulanır ki, raket sınaqları region ölkələrinin təhlükəsizliyini hədələmir.

ABŞ-dan reaksiya

Raket sınağını şərh edən ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Pxenyana münasibəti dəyişməyəcək.

"Biz bununla məşğul olacağıq. Bu, öhdəsindən gələ biləcəyimiz bir vəziyyətdir”, - Amerika lideri deyib.

Öz növbəsində ABŞ-ın dövlət katibi Reks Tillerson bütün ölkələri KXDR-ə təzyiqi gücləndirməyə çağırıb: "Bütün ölkələr Pxenyana qarşı iqtisadi və diplomatik ölçüləri gücləndirməyə davam etməlidir. Beynəlxalq cəmiyyət BMT-nin bütün mövcud sanksiyalarının həyata keçirilməsi ilə yanaşı, əlavə addımlar atmalıdır”.

Dövlət katibi həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar əvvəlki kimi Şimali Koreyanın davakar hərəkətlərinin dayandırılması üçün sülh yolunun axtarışına sadiqdir.

Gözlənildiyi kimi, ABŞ yaxın vaxtlarda öz müttəfiqləri ilə Pxenyan barəsində mümkün hərəkətləri müzakirə edəcək.

BMT Təhlükəsizlik Şurasında fövqəladə iclas

Şimali Koreyanın raket sınağı ilə əlaqədar olaraq ABŞ, Yaponiya və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.

"ABŞ, Yaponiya və Koreya Respublikası Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Biz iclasın iş qrafikinə daxil edilməsi üzərində işləyirik”, - BMT Təhlükəsizlik Şurasına sədrlik edən İtaliyanın diplomatik missiyasının nümayəndəsi deyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi isə Tvitterdə yazıb ki, iclas Nyu-York saatı ilə noyabrın 30-da açıq formatda keçiriləcək.

Pxenyandan danışıqlara dəvət

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun cənub-şərqi Asiya, Avstraliya və Okeaniya mərkəzini rəhbəri Dmitri Mosyakovun fikrincə, yeni raketin işə salınması Pxenyanın hansısa işarəsi ola bilər ki, nüvə proqramı üzrə danışıqların başlanması prosesini sürətləndirmək lazımdır.

"Fikrimcə, Pxenyan işarə verir ki, danışıqların olmaması çox təhlükəlidir və Koreya Xalq Demokratik Respublikası istənilən vaxt yeni silahları işə sala bilər”, - o deyib.

O qeyd edib ki, KXDR haqqında müxtəlif fikirlər mövcuddur: bəziləri Şimali Koreya rejiminin məhv edilməsini dəstəkləyir, başqaları isə danışıqların tərəfdarıdır. Ekspertin fikrincə, Pxenyana qarşı yeni mümkün sanksiyaların heç bir əhəmiyyəti olmayacaq.

Öz növbəsində Uzaq Şərq Federal Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Artyom Lukin hesab edir ki, yeni sanksiyaların KXDR üçün qorxunc nəticələri olmayacaq.

"Düşünmürəm ki, Şimali Koreya üçün hansısa qorxunc nəticələr ola bilər, çünki bütün mümkün sanksiyalar artıq qəbul edilib. Yalnız tam blokada qalıb ki, xalq ölməyə başlasın. Çətin ki, BMT Təhlükəsizlik Şurası buna gedə”, - Lukin hesab edir./publika.az

Xəbər lenti