Xəzər Xəbər

Birləşmiş Ərəb Əmirlikləri: Vyana görüşü asan olmayacaq

Dünya | 15:10 • 28 Noyabr 2017
Birləşmiş Ərəb Əmirlikləri:

Neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması üzrə müzakirələr asan olmayacaq.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail bin Mohammed al-Mazroui deyib.

O qeyd edib ki, noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 173-cü iclası çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması üzrə müzakirələr asan olmayacaq.

"Bu asan bir görüş olmayacaq və müxtəlif ssenarilər qiymətləndiriləcək. Lakin mən şəxsən optimistəm”, - deyə nazir bildirib.

O, Vyanada müzakirə ediləcək bir çox variant arasında neft hasilatının azaldılması üzrə mövcud sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılacağının olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanın da dəvət olunduğu iclasda OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklər, eləcə də istehsal kvotanın artırılmasının əsas müzakirə mövzusu olacağı planlaşdırılır.

Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində isə Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti