Xəzər Xəbər

PKK qruplaşması Suriyanın Afrin şəhərinə əlavə qüvvə göndərdi

Dünya | 14:17 • 22 Noyabr 2017
PKK qruplaşması Suriyanın Afrin şəhərinə əlavə qüvvə göndərdi

Terrorçu PKK qruplaşması İraqın şimalında yerləşən Kandil dağından Suriyanın Afrin şəhərində YPG və PYD-yə (PKK-nın Suriyadakı qolları – red.) yardım məqsədi ilə 500 terrorçu göndərib.


"Report” xəbər verir ki, bundan əvvəl PKK Suriyanın Münbiç və Ayn əl-Arab (kürdlər oranı Kobani adlandırır – red.) şəhərlərinə 1200 terrorçu yollamışdı.


Terrorçu PKK və onun havadarları bunu Türkiyənin Suriyanın İdlib bölgəsindəki əməliyyatı sürətləndirməsi qarşılığında edib. Rəsmi Ankara dövlət sərhədlərini terrorçulardan qorumaq və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə Afrində də antiterror əməliyyatının keçirilməsi, bu ərazinin YPG və PYD terrorçularından təmizlənməsi ilə bağlı müttəfiqləri qarşısında məsələ qaldırıb.


Bu səbəbdən terrorçu PKK qruplaşması Suriyanın Ayn əl-Arab, Raqqa, Deyr-əz-Zor və Kamışlıdakı 3 000 silahlısını Afrində yerləşdirib.


PKK-nın 2014-cü ildən sonra hərbi məsələlər üzrə məsulu, "Renas” kod adlı terrorçunun yerinə gətirilən Mahmud Berhadan PKK-nın (YPG və PYD) Suriyanın üçdə birinə nəzarət etdiyini bildirərək Afrindən Aralıq dənizinə çıxmamaqda təmsil etdiyi qruplaşmanın rəhbərliyini və havadarlarını ittiham edib.


Türkiyə ABŞ-ı YPG, PYD və bu terrorçu dəstələrin formalaşdırdığı SDG-yə ("Suriya Demokratik Gücləri”) silah-sursat və hərbi texnika verməkdə ittiham edir. ABŞ isə PKK-nı terrorçu qruplaşma olaraq tanıdığını, onlara silah vermədiyini, YPG və PYD-yə verilən silahlar barədə Türkiyəni məlumatlandıracağını bildirir.


Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Suriya ərazisinin 98 faizinə hökumət qoşunlarının nəzarət etdiyini, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamneyi, İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds” adlı qolunun komandanı, general Qasım Süleymani isə İraq və Suriya ərazisində İŞİD-in kökünü kəsdiklərini bildirmişdilər.

Xəbər lenti