Xəzər Xəbər

Merkel bundestaqa yeni seçkilərin keçirilməsini istəyir

Dünya | 12:21 • 21 Noyabr 2017
Merkel bundestaqa yeni seçkilərin keçirilməsini istəyir

Almaniya kansleri Angela Merkel bundestaqa yeni seçkilərin keçirilməsini istəyir.

Xezerxeber.az məlumat verir ki, Angela Merkel bunu ARD telekanalına müsahibəsində bildirib.

Bir qədər əvvəl Almaniyanın Azad Demokratik partiyası kanslerin XDİ/XSİ bloku və "Yaşıllarla” koalisiya qurmaq ("Yamayka” koalisiyası) barədə bir neçə həftə davam edən danışıqlardan çıxıb. Bununla yanaşı, "Almaniya üçün alternativ” partiyası Merkeli istefaya çağırıb.

İstefa təklifini rədd edən kabinetin başçısı azlıq hökumətinə skeptik yanaşdığını qeyd edib və onun əvəzinə yeni seçkilərin keçirilməsini məqbul saydığını bildirib. Eyni zamanda, Merkel ZDF telekanalına müsahibəsində sentyabrın 24-də keçirilən seçkilərin nəticəsi üzrə yeni hökumətin formalaşdırılması məsələsində danışıqlara hazır olduğunu bildirib.

"Bu gün səsləndirilən bəyanatlar belə fikir yaradır ki, sosial-demokratlar əvvəlki kimi məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Lakin bu məsələni onlar özləri həll etməlidir. Mən isə danışıqlara hazıram”, - deyə o qeyd edib.

Danışıqlar uğurla başa çatsa "Yamayka” bundestaqda 709 mandatın 393-nə (55 faizinə) sahib olacaqdı, lakin liberallar bundan imtina etdikdən sonra qalan danışıq üzvləri çoxluğa nail olmayaraq cəmi 44 faiz mandata ümid edə bilərlər. Sosial-demokrat partiyasının (ASDP) Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ) ilə "böyük koalisiyada” iştirakdan boyun qaçırması 399 mandatlıq (56 faiz) çoxluq hökumətini qurmağa imkan verən daha bir variantın da üstündən xətt çəkib.

Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və "yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Tərəflər gündəliyin əsas məsələləri üzrə razılığa gələ bilməyiblər. Bununla yanaşı, Almaniya sosial-demokrat partiyasının (ASDP) idarə heyəti noyabrın 20-də Angela Merkelin mühafizəkar bloku ilə koalisiya qurmaq üçün danışıqlar aparmayacağı barədə qərarını açıqlayıb. Bununla da vəziyyət siyasi böhran həddinə çatıb.

Xəbər lenti