Xəzər Xəbər

Ermənistanda gənclər orduda xidmət etmək istəmirlər

Dünya | 14:16 • 17 Noyabr 2017
Ermənistanda gənclər orduda xidmət etmək istəmirlər

Ermənistan gəncləri orduda xidmət etmək istəmirlər. İrəvanda bununla bağlı etirazlar artıq on gündür davam edir. Gənclər birmənalı şəkildə orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər. Tələblərinə əhəmiyyət verilmədiyini görən tələbələr dərslərdən imtina edir, yürüşlər təşkil edir, yolları bağlayır, aclıq aksiyası keçirirlər.

AZƏRTAC xəbər verir ki, "express.armenian” qəzeti gənclərin hərbi xidmətdən yayınma səbəblərini araşdırıb. Bu barədə dərc olunan məqalədə bildirilir ki, gəclərin aksiyası sadəcə bəhanədir. Onlar təhsillərini davam etdirmək yox, hərbi xidmətə getməmək uğrunda mübarizə aparırlar. Bunu heç kim dilə gətirmək istəmir. Çünki reallığı etiraf etməkdən qorxurlar. Bəs səbəb nədir? Qəzet yazır ki, gənclər hərbi xidmət keçmək istəməməkdə haqlıdırlar. Çünki hökumət onların təhlükəsizliyinə zəmanət vermir. Bütün hərbi hissələrdə geyim, qida, istilik, təmizlik problemləri var. Övladları hərbi xidməti başa vuranadək valideynlər müflis olurlar. Əsgərlər tez-tez təhqir edilirlər, incidilirlər. Bu da sui-qəsd hallarının sayını artırır. Ona görə də gənclər həyatlarını boş yerə təhlükəyə atmaq istəmirlər. Əksər valideynlər övladlarını yetkinlik yaşına çatmamış ölkədən qaçırırlar. Nəticədə Ermənistanın hərbi hissələrində gənclərin sayı azalır. İşğalçı ölkənin hərbi sahəsi indi muzdla xidmət edən 45-55 yaşlıların ümidinə qalıb. Onlar isə 18-20 yaşlı gənclərlə kobud rəftar edirlər. Bunun isə çox vaxt mənfi nəticələri olur.

Noyabrın 14-də Gümrüdəki 102 saylı hərbi hissədən iki hərbçi itkin düşüb. Onların zabitləri tərəfindən incidildiyi bildirilir. İki gündür axtarışlara baxmayaraq, hərbçilərdən xəbər yoxdur. Bu ilin aprelində də 102 saylı hərbi hissədən hərbçilər itkin düşüb. Bir hərbi qulluqçu isə naməlum səbəbdən həyatını itirib. Oxşar hallar Ermənistanda çoxalıb.

Rəsmi açıqlamaya görə, 2017-ci ilin yanvar-oktyabr aylarında Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Lakin müstəqil mənbələr bu rəqəmlərin iki-üç dəfə çox olduğunu bildirirlər. Bütün bunları bilən tələbələr, gənclər hərbi xidmətdən, xüsusilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində xidmətdən imtina edirlər.

Xəbər lenti