Xəzər Xəbər

İraqın keçmiş prezidentinin ailəsi Məsud Barzaninin istefasını tələb edir

Dünya | 14:22 • 17 Oktyabr 2017
İraqın keçmiş prezidentinin ailəsi Məsud Barzaninin istefasını tələb edir

"İraqın şimalındakı Kürd Muxtar Əyalətinin rəhbəri Məsud Barzani istefa verməlidir".


"Report” xəbər verir ki, bunu İraqın kürd əsilli məhrum prezidenti Cəlal Təlabaninin oğlu Lahur Təlabani deyib.


L.Təlabani əyalətin müstəqiliyi məsələsində tutduğu mövqeyə görə özünə qarşı irəli sürülən ittihamlara cavab verərkən M.Barzanini tənqid edib: "Onu artıq başçı kimi tanımırıq. Bu savaş neft oğrusu Barzani və oğullarının müharibəsidir. Ləyaqəti çatırsa, Barzani istefa versin”.


Məlumata görə, dünənki əməliyyatdan əvvəl C.Təlabaninin xanımı Hero Talabani və oğulu Lahur Təlabani Süleymaniyyədə ailə təmsilçiləri ilə birlikdə keçmiş prezidentin qəbrini ziyarət ediblər. Onlar daha sonra İran İnqilab Keşikçiləri Qvardiyasının xarici ölkələrdəki əməliyyatlar üzrə məsul şəxsi, "Əl-Qüds” qrupunun komandanı general Qasım Süleymani ilə görüşüblər.


Həmin toplantıdan sonra Təlabani ailəsi özlərinə bağlı olan "peşmərgə"nin Kərkükün tələb edilən ərazilərindən çıxmaq təklifini qəbul edib. İnformasiyaya əsasən, Kərkükdəki əməliyyat bu anlaşma çərçivəsində keçirilib. Nəticədə "peşmərgə” Kərkükdə neft sahələri və hərbi hava limanından çıxıb.


M.Barzaniyə yaxın KİV-də yayılan xəbərlərdə isə Təlabani ailəsi "Kərkükü satmaq”da və "kürd xalqına xəyanət etmək”də ittiham olunub.


Xatırladaq ki, Hero Təlabani İraqın şimalındakı hökumətin "müstəqillik”lə bağlı "referendum” keçirmək təşəbbüsünə qarşı çıxmışdı.


Onu da qeyd edək ki, İraq hakimiyyətinin Kərkükdə nəzarəti tam bərpa etdiyi haqda məlumat yayılıb.

Xəbər lenti