Xəzər Xəbər

ABŞ Şimali Koreya ilə birbaşa dialoqu gündəlikdən çıxarmayıb

Dünya | 12:50 • 17 Oktyabr 2017
ABŞ Şimali Koreya ilə birbaşa dialoqu gündəlikdən çıxarmayıb

Birləşmiş Ştatlar KXDR ilə birbaşa danışıqların mümkünlüyünü gündəlikdən çıxarmır.

Bu barədə ABŞ dövlət katibinin müavini Con Sallivan Yaponiyanın Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra jurnalistlərə bildirib. O, həmçinin deyib ki, diplomatik səylər iflasa uğrayacağı təqdirdə, Yaponiya, Cənubi Koreya və digər müttəfiq dövlətlər ilə birgə "ən pis ssenariyə hazır olmalıyıq”.

Bir qədər əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson Pekində Vaşinqtonun Pxenyanla danışıqlar üçün kanalı olduğunu bildirmiş və dialoqun baş tutacağını istisna etməmişdi. Prezident Donald Tramp isə öz növbəsində bunu "əbəs vaxt itkisi” adlandırmışdı.

Eyni zamanda, KXDR-in BMT-dəki daimi nümayəndəsi Kim İn Ren qurumun Baş Assambleyasının tərksilah üzrə komitəsində çıxış edərkən dünyanın diqqətinin cəmləndiyi Koreya yarımadasında vəziyyətin kritik həddə çatdığını və istənilən an nüvə müharibəsinin başlaya biləcəyini deyib. O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlardan gələn təhlükə aradan qalxmayana qədər Şimali Koreya "heç bir halda nüvə silahı və ballistik raketlər barədə danışıqlara getməyəcək”.

Xəbər lenti