Xəzər Xəbər

Şəhəri tərk etmələri üçün 48 saat vaxt verildi – Müharibə BAŞLAYIR

Dünya | 15:25 • 14 Oktyabr 2017
Şəhəri tərk etmələri üçün 48 saat vaxt verildi
Şimali İraq Kürd Muxtariyyətinin işğalı altındakı türkman şəhəri Kərkükdə gərginlik getdikcə artır.

İraq ordusuna bağlı Haşdi Şabi gücləri Kərkükün qərb və cənub bölgələrinə yerləşərək, kürd muxtariyyətinin peşmərgə güclərinə qarşı hücuma hazırlaşır.

"Frans press” agentliyi İraq ordusunun Kərkük peşmərgədən geri almaq üçün hərbi əməliyyatlara başladığı xəbərini yaydı. Lakin mərkəzi Bağdad hökuməti bu xəbəri təkzib etdi.

İraq Türkman Cəbhəsinin Kərkük bürosunun rəhbəri Mehmet Seman Ağaoğlu isə "Xüsusi təlim keçmiş 700 PKK-çının Kərkükə girdiyini açıqladı.

Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin köməkçisi Kosrat Rasul isə 6 min peşmərgənin Kərkükdə yerləşdiyini bildirdi.

Haşdi Şabi gücləri şəhərin qərb və cənub bölgələri ilə yanaşı, Kərkük-Bağdad quru yolunu nəzarətə götürüb. Rəsmi Ərbil şəhərə əlavə texnika və canlı qüvvə göndərir. Haşdi Şabi ilə peşmərgə güclərinin arasındakı məsafənin 500 metrə qədər yaxınlaşdığı deyilir.

Peşmərgə komandirlərindən Cafer Şeyx Mustafa bildirib ki, toqquşma olmaması üçün İraqın baş naziri Heydər İbadi və digər rəsmilərlə görüşüblər: "Toqquşmanın olmasını istəmirik, amma müharibə qapımızın kandarındadır. Kərkükə hərbi müdaxiləyə imkan verməyəcəyik, lakin bizə atəş açılsa, sakit dayanmayacağıq”.

İraq Silahlı Qüvvələrinin Baş qərargah rəisi Osman El-Qanimi isə Kərkükün İraq torpağı olduğunu vurğulayıb.

"Biz Kərkükə kiçik İraq deyirik. Çünki orada türkmanlar, ərəblər, kürdlər, xristianlar və digər toplumlar yaşayır. Kərkük bizim üçün ən önəmli bölgələrdən biridir. Kərkük İraqındır və nə olursa olsun, onu geri alacağıq”, - deyə o bildirib.

Məlumatlara görə, mərkəzi Bağdad hökuməti Məsud Bərzaniyə Kərkükü tərk etmələri üçün 48 saat vaxt verib və 6 şərt irəli sürüb:

1. Kərkük hava limanı İraq ordusuna təslim ediləcək.
2. "K1 Keyvan” hərbi qərargah İraq ordusuna veriləcək.
3. Bütün neft quyuları, yataqları və şirkətlərin idarəçiliyi İraq ordusuna keçəcək.
4. Kərkük valisi Necmettin Kerim postundan uzaqlaşdırılacaq.
5. Peşmərgəyə təslim olan İŞİD-çilər İraq ordusuna təhvil veriləcək.
6. Kərkükün bütün bölgələri İraqa təslim ediləcək.

Bu şərtləri yerinə yetirmək üçün Ərbilin 48 saat vaxtı var, əks təqdirdə, hücum başlanacaq./publika.az

Xəbər lenti