Xəzər Xəbər

Səudiyyə Ərəbistanı Trampın İranla bağlı qalmaqallı qərarını dəstəklədi

Dünya | 09:56 • 14 Oktyabr 2017
Səudiyyə Ərəbistanı Trampın

Səudiyyə Ərəbistanı Krallığı ABŞ prezidenti Donald Trumpın İran və onun aqressiv kursuna qarşı yürütdüyü qətiyyətli strategiyanı dəstəkləyir və bu mövzuda onun görüşlərini yüksək dəyərləndirərək, ümumi çağırışlar, xüsusilə də, İranın regionda yeritdiyi siyasət və təcavüzkar hərəkətlərinin qarşısının alınması üçün Amerika Birləşmiş Ştatlarının bölgədəki müttəfiqləri ilə birgə fəaliyyət göstərəcək.

Bu barədə Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanı Krallığı regionumuz və dünyada kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması zərurətinə inanaraq, bundan öncə İran və 5 + 1 dövlətləri arasında nüvə sazişini dəstəkləyib və bunun İranın nüvə silahı əldə etməsinin hər hansı formada qarşısının alınmasına gətirib çıxaracağını, sülh və təhlükəsizliyə nail olunacağına ümid edib.

"Lakin İran sanksiyaların qaldırılması nəticəsində yaranan iqtisadi gəlirdən istifadə edərək, ondan regionun sabitliyini pozmağı davam etdırmək üçün istifadə etmiş, xüsusilə öz ballistik raket proqramını inkişafı etdirmiş, terrorizmə o cümlədən Hizbullah və Husi yaraqlılarına dəstək vermişdir. İran bununla da kifayətlənməyərək, beynəlxalq qərarları açıq və kobud şəkildə pozaraq, bu potensialı və təcrübələri ona tabe olan yaraqlılara ötürmüş, Husi yaraqlıları isə bu raketlərdən Krallığı hədəfə almaq üçün istifadə etmişlər. Göstərilən faktlar, İranın öz müdafiə potensialını inkişaf etdirməsi ilə bağlı olan iddialarının saxtalığını sübut edir. İran öz təcavüzkar kursunu davam etdirərək Qırmızı dəniz və Ərəb körfəzindəki beynəlxalq dəniz koridorlarını İnqilabı Keşikçiləri və Husi yaraqlıları vasitəsilə davamlı hədəfə almış, Səudiyyə Ərəbistanı və region dövlətlərinə qarşı kiber hücumları davam etdirib.

Bundan çıxış edərək, Krallıq Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən elan edilmiş arzuedilən məqsədlərə çatmaq, İranın yürütdüyü siyasətin beynəlxalq təhlükəsizlik və sülhə yaratdığı təhlükənin aradan qaldırılması üçün ABŞ və beynəlxalq ictimaiyyətdə olan tərəfdaşları ilə işləməkdə davam edəcəyini vurğulayır. Belə ki, görüləcək iş yalnız onun nüvə proqramı ilə məhdudlaşmır, geniş mənada onun bütün təcavüzkarlıq fəaliyyətini əhatə edir, İranın kütləvi qırğın silahları əldə etməsi üçün bütün yolların kəsilməsi məqsədini güdür" - deyə Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən yaydığı məlumatda qeyd olunub./azvision.az

Xəbər lenti