Xəzər Xəbər

Müstəqillik elan edilərsə, katalonları nə gözləyir...

Dünya | 14:14 • 11 Oktyabr 2017
Müstəqillik elan edilərsə, katalonları nə gözləyir...

Kataloniya lideri Karles Puçdemon parlamentdəki çıxışında muxtar bölgənin müstəqilliyini elan etməyi təxirə saldığını desə də, onun bəyanatı birmənalı qarşılanmayıb. O, bu addımı İspaniya hökuməti ilə dialoq qapısını açmaq üçün atdığını bildirib. Bununla belə, dünən gecə Puçdemon, onun müavini, parlamentin spikeri və daha 72 deputat Kataloniyanın İspaniyadan müstəqilliyi haqqında bəyannamə imzalayıb.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dialoq mesajına baxmayaraq, Madrid yenə öz sərt mövqeyində qalır: Kataloniya rəhbərliyi qanun çərçivəsinə qayıtmayınca, heç bir danışıq olmayacaq. Bir qədər əvvəl isə iqtisadiyyat naziri Luis de Gindos Xurado muxtar vilayət rəhbərliyini hüquqi dövlətə qarşı üsyan qaldırmaqda ittiham etmişdi.


Region müstəqilliyini elan edərsə, katalonları nə gözləyir? Baş nazirin müavini Sorayya Saens de Santamariya bu məsələyə aydınlıq gətirərək deyib ki, İspaniya unitar dövlətdir, onun konstitusiyası regionların öz müqəddəratını təyin etməsini nəzərdə tutmur. Bu o anlama gəlir ki, Kataloniyanın ayrılmaq üçün göstərdiyi hər hansı cəhd separatçılıq təzahürü, Madridə itaətsizlik və ölkənin əsas qanununun pozulması kimi qiymətləndiriləcək. Göründüyü kimi, Krallıq konstitusiyasını yaradanlar hadisələrin katalon ssenarisinə bənzər inkişafını nəzərə alıblar.


Santamariyanın sözlərinə görə, əgər muxtar region konstitusiya və digər qanunlarla üzərinə düşən məsuliyyəti yerinə yetirməzsə, hökumət Senatın razılığı ilə muxtariyyətin fəaliyyətini dayandıra və regional administrasiyanın bütün orqanlarını mərkəzi tabeçiliyə verə bilər. Karles Puçdemon da daxil olmaqla, müstəqillik uğrunda hərəkatın liderlərini dövlətə qarşı qiyamı qızışdırmağa görə həbs etmək olar.


Baş nazirin müavini, həmçinin bəyan edib ki, Kataloniyanın birtərəfli qaydada müstəqilliyini elan edəcəyi təqdirdə, Madrid orada "qanun və demokratiyanı bərpa etmək üçün tədbirlər görəcək”.

Xəbər lenti