Xəzər Xəbər

İsveçdə radioaktiv qabanlar aşkar edilib

Dünya | 12:15 • 11 Oktyabr 2017
İsveçdə radioaktiv qabanlar aşkar edilib

Çernobıl faciəsindən 31 il keçməsinə baxmayaraq, bu qəzasının təsir dairəsinə düşən ərazilərdəki heyvanların bədənində radiasiya səviyyəsi hələ də yüksəkdir. Son vaxtlar bu ərazilərdən gələn vəhşi qabanların İsveçdə də görünməsi yerli fermerlərin ciddi narahatlığına səbəb olur.


AZƏRTAC Ecoportal saytına istinadla xəbər verir ki, Uppland və Yevle əyalətlərinin sərhədində güllə ilə vurulmuş vəhşi qabanın bədənində radiasiya səviyyəsini ölçərkən məlum olub ki, bu göstərici İsveç Qida Məhsulları Agentliyi tərəfindən müəyyən edilmiş təhlükəsiz həddindən on dəfə yüksəkdir. "The Telegraph” nəşrinin verdiyi məlumata görə, həmin qaban 31 il əvvəl baş vermiş Çernobıl fəlakəti nəticəsində radioaktiv çöküntülərlə zəhərlənmiş ərazidən keçib.


Ekoloqlar Stokholmdan təxminən 160 kilometr məsafədə yerləşən Yevle bələdiyyəsinin ovçularına radioaktiv qabanlar barədə xəbərdarlıq ediblər.


Alimlər qeyd edirlər ki, Yevle və Uppsala arasında yerləşən bəzi rayonlarda torpağın radioaktiv maddələrlə zəhərlənməsinin təsiri hələ də davam edir. Onlar deyirlər: "Burada radiasiya səviyyəsi bizim indiyə qədər ölçə bildiyimiz ən yüksək dərəcədə - 16.000 Bk/kq həddindədir”.


Beləliklə, radioaktiv qabanlardan tezliklə xilas olmağa ümid etməyə dəyməz.


Bu əraziyə qabanlar getdikcə tez-tez gəlməyə başlayıb və hər dəfə onların sayı artır. Torpaqda dərin çuxurlar qazan qabanlar fermerlərin sağlam heyvanlar üçün saxladığı qidanı yeyir və beləliklə fermerlərə ciddi ziyan vurur.

Xəbər lenti