Xəzər Xəbər

Rusiya Səudiyyə Ərəbistanına OPEC+ sazişinin müddətinin uzadılmasını təklif etməyib

Dünya | 16:46 • 6 Oktyabr 2017
Rusiya Səudiyyə Ərəbistanına OPEC+ sazişinin müddətinin uzadılmasını təklif etməyib

Rusiya Səudiyyə Ərəbistanına Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddətinin uzadılmasını təklif etməyib.


AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səudla görüşündə neft istehsalına dair sazişin müddətini uzatmağı təklif etməyib. Lakin Rusiya Prezidenti sazişin müddətinin uzadılması ehtimalının mümkünlüyünü qeyd edib.


D.Peskov bildirib ki, V.Putinin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud ilə görüşündə "qara qızıl”ın qiyməti və neft bazarında sabitliyin bərpa olunması üçün birgə əməkdaşlıq müzakirə edilib.


Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti