Xəzər Xəbər

Macarıstan “Türk axını” ilə təbii qaz əldə etmək niyyətindədir

Dünya | 16:10 • 5 Oktyabr 2017
Macarıstan “Türk axını” ilə təbii qaz əldə etmək niyyətindədir

Macarıstan Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını” qaz boru kəməri (Turkish Stream) vasitəsilə qaz əldə etmək niyyətindədir.


AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. Nazir bildirib ki, ölkəsi 2019-cu ildən etibarən "Türk axını”nın Avropa xətti ilə Rusiya qazını almağı planlaşdırır.


"Türk axını” boru kəməri ilə maraqlanırıq. Layihə üzrə birinci boru kəməri Türkiyənin qaz tələbatının ödəlilməsinə xidmət edəcək. İkinci boru xətti isə Mərkəzi Avropanın və Balkan ölkələrinə təbii qaz çatdıracaq”.


Macarıstan Rusiyanın enerji nəhəngi "Gazprom” şirkəti ilə "Türk axını” üzrə 2019-cu ilədək ölkədəki qaz infrastrukturunun inkişaf etdirilməsinə dair müqavilə imzalayıb.


Qeyd edək ki, "Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

Xəbər lenti