Xəzər Xəbər

Rusiya Mərkəzi Bankı qızıl alışını artırır

Dünya | 15:20 • 5 Oktyabr 2017
Rusiya Mərkəzi Bankı qızıl alışını artırır

Rusiya Bankı (Mərkəzi Bank) beynəlxalq ehtiyatlarında qızılın payını artırmağa davam edir.

"Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, cari ilin ilk 9 ayında Rusiya Bankı 4,2 mln. unsiya və ya 5,3 mlrd. ABŞ dolları həcmində qızıl alıb. Qeyd edək ki, ötən illə müqayisədə Rusiyanın qızıl alışı 15% artıb. Sanksiyalardan əvvəlki dövrlə müqayisədə isə bu göstərici 2 dəfə yüksəlib.

Rusiya Bankının orta hesabla yarım ildə 100 ton qızıl aldığı bildirilir ki, bu da dünyanın bütün mərkəzi banklarının məcmu qızıl alışından çoxdur. Hazırda Rusiya qızıl ehtiyatlarının həcminə görə dünyada 7-ci sıranı tutur. Əgər rəsmi Moskva bu templə alışı davam etdirərsə, artıq 2018-ci ilin ortalarında Rusiya 1 842 ton qızılı olan və hazırda 6-cı pillədə qərarlaşan Çini də ötə bilər.

Qızıl alışının artmasını təhlil edən "Private Solutions Singapore Castle Family office" maliyyə təşkilatının departament müdiri Stanislav Verner bildirib ki, 2018-ci ilin yaz aylarında ABŞ Maliyyə Nazirliyi hesabat açıqlayacaq. Hesabatda Rusiyanın dövlət borcuna məhdudlaşdırıcı təzyiqlərin potensial effekti əks olunacaq. Rusiya dövlət istiqrazlarının alışına qadağaların qoyulması gözlənilir ki, bu da iqtisadiyyata ciddi zərbə vuracaq. Belə ki, son 1,5 il ərzində xarici investorlar Rusiyada büdcə kəsirinin 85%-ni maliyyələşdiriblər.

Bununla yanaşı, Rusiyanın qızıl-valyuta ehtiyatlarının yerləşdiyi aktivlərə həbs qoyulması da mümkündür. Bu səbəbdən Rusiya Bankının qızıl alışını artırdığı bildirilir. Xatırladaq ki, 2017-ci il sentyabrın 1-nə Rusiyanın qızıl-valyuta ehtiyatlarında qızılın xüsusi çəkisi 17,3% (bir il əvvəl - 16,4%) təşkil edib. Bu dövr ərzində qızıl ehtiyatı 51,9 mln. unsiyadan 56,1 mln. unsiyaya yüksəlib və artım 4,2 mln. unsiya və ya 8,1% olub.

Xəbər lenti