Xəzər Xəbər

Putin: Rusiya Dnestryanı problemin həllinə bundan sonra da yardım göstərəcək

Dünya | 17:02 • 3 Oktyabr 2017
Putin: Rusiya Dnestryanı problemin həllinə bundan sonra da yardım göstərəcək

Rusiya Dnestryanı problemin siyasi yolla həllinə bundan sonra da yardım göstərəcək.


AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin oktyabrın 3-də Kremldə bir sıra ölkələrin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edərkən söyləyib.


V.Putin deyib ki, Rusiya Moldova ilə bundan sonra da praqmatik və qarşılıqlı surətdə, Prezident İqor Dodonun Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun əməkdaşlıq etməyə hazırdır. Rusiya Prezidenti Moldovanın Avrasiya İttifaqına maraq göstərməsini də alqışlayıb.


Rusiya dövlətinin başçısı Kipr probleminin həllinə də münasibət bildirib. O deyib ki, Moskva Kipr probleminin hərtərəfli, ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həllinə tərəfdardır. V.Putin əmin olduğunu bildirib ki, Cənubi Kipr Respublikasının Prezidenti Nikos Anastasiadisin bu ilin oktyabrında Moskvaya gözlənilən səfəri zamanı mühüm sənədlər imzalanacaq.


Rusiya Prezidenti son günlər İspaniyada baş verən hadisələrdən danışaraq ümidvar olduğunu bildirib ki, Kataloniya böhranını aradan qaldırmaq mümkün olacaq. O deyib: "İndi hamı İspaniyaya görə narahatdır. Biz də İspaniyaya görə həyəcan keçiririk. Əlbəttə ki, bu, İspaniya Krallığının daxili işidir. Ümid edirik ki, böhranı aradan qaldırmaq mümkün olacaq”.

Xəbər lenti