Xəzər Xəbər

Sloveniya və Xorvatiya arasında sərhəd mübahisəsi yenidən gərginləşib

Dünya | 09:47 • 23 Sentyabr 2017
Sloveniya və Xorvatiya arasında sərhəd mübahisəsi yenidən gərginləşib

Avropa İttifaqına üzv olan Sloveniya və Xorvatiya arasında su və quru sərhədlərinin bölüşdürülməsinə dair mübahisə səngimək bilmir.


AZƏRTAC xəbər verir ki, iyun ayında Haaqa Arbitraj Məhkəməsi mübahisəli ərazilərlə bağlı qərar verməsinə baxmayaraq, Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasında iştirak edən Xorvatiyanın Baş naziri Andrey Plenkoviç beynəlxalq məhkəmə tərəfindən verilmiş qərarın heç bir qüvvə daşımadığını elan edib. Bu addımın əvəzində isə onun sloveniyalı həmkarı Miro Tserar növbəti həftə üçün nəzərdə tutulan birgə görüşdə iştirakdan imtina edib.


İyun ayında verilən qərara əsasən, iki ölkə arasında uzun illərdən bəri mübahisə mövzusu olan İstriya yarımadasında yerləşən Piran buxtasının əsas hissəsi Sloveniyaya verilmiş və həmçinin bu ölkənin beynəlxalq sulara maneəsiz çıxış üçün dəhlizdən istifadə hüququ tanınmışdı. Xorvatiyanın payına isə iki ölkənin sərhədində yerləşən bir neçə yüksəklik düşmüşdü.


2015-ci ildə beynəlxalq məhkəmə yolu ilə sərhədlərin delimitasiyası prosesində iştirakdan imtina etdiyini elan edən Xorvatiya buna əsas kimi Sloveniyanın məhkəmə qaydalarını pozmasını göstərib. Buna görə də rəsmi Zaqreb həmin məhkəmənin vermiş olduğu qərarın ölkəsi üçün heç bir hüquqi qüvvə daşımadığını iddia edir.


Sloveniya tərəfi isə məhkəmə qərarını bu ilin sonuna kimi icra edəcəyini və bu zaman lazım gələrsə, polis qüvvələrindən də istifadə olunacağını bəyan edib.

Xəbər lenti