Xəzər Xəbər

Dollardan imtina qanuniləşdirilir: Kreml “yaşıl kağız”a meydan oxudu

Dünya | 17:25 • 22 Sentyabr 2017
Dollardan imtina qanuniləşdirilir:

Rusiya dollardan imtina edir.

Vladimir Putin yarım il əvvəl təklif etdiyi, ancaq böyük şirkətlərin "isti" baxmadığı "limanlarda dollar əvəzinə rubl istifadə edilməsi" təklifini təkrarlayıb və hökumətdən müvafiq qanunvericiliyi hazırlamasını istəyib. Kremldən bildirilib ki, qərar gələn ildən tətbiq olunacaq. Rusiya prezidenti Vladimir Putin gələn ildən etibarən bütün limanlarda əsas pul vahidi olaraq rus rublu istifadə edilməsinə dair qanunvericiliyin qəbul edilməsi tapşırığını verib. Bəyanat Kremlin saytında dərc olunub. Xarici pul vahidi öhdəliyi olan yükləmə boşaltma şirkətlərini qorumaq naminə, rubla keçməmişdən əvvəl bir keçid prosesi də tətbiq ediləcək. Rusiya limanlarındakı bir çox xidmət ABŞ dollarında aparılır. Bu qərarın əcnəbiləri Rusiya pulu almağa məcbur edəcəyini və bunun da rubl üçün yaxşı olacağını bildirilib.

Vladimir Putin liman tariflərində rubla keçidi ilk dəfə 1.5 il bundan əvvəl təklif etmiş, ancaq bu ideya rublda baş verən dalğalanmalar səbəbindən gəlirlərini dollar və digər xarici valyutalarda saxlamaq istəyən böyük nəqliyyat şirkətləri tərəfindən qəbul edilməmişdi.

Putin dollarla bağlı konkret təklif verdi. Artıq növbəti ildən böyük nəqliyyat şirkətləri rublu məcburi alacaq. Amma qərarın nə qədər işlək olub-olmaması, müsbət nəticə verməsi, hələ ki, bilinmir.

Qeyd edək ki, ötən il oxşar bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış etmişdi. O, Rusiyadan qayıdan zamanı bildirir ki, iki ölkə arasında ticarətdə dollar əvəzinə, türk lirəsi ilə rubldan istifadə edilməsinə dair razılaşma olub. R.T. Ərdoğan bu qərarın hə iki ölkənin iqtisadiyyatına müsbət təsiri olacağını demişdi. Prezident bildirmişdi ki, qərar işlək olduğu təqdirdə dollar daha da ucuzlaşacaq, məzənnə təzyiqindən də xilas olmuş olarıq. Ticarətdə türk lirəsi və rubldan istifadə edilməsi təklifinə Rusiya prezidenti Vladimir Putin də müsbət yanaşmışdı. Bundan əlavə bu ilin sentyabrında Venesuela hökuməti neft ixracatçılarını ölkənin bundan sonra hesablaşmaları ABŞ dollarında aparmayacağı ilə bağlı məlumatlandırıb. Rəsmi Karakasın bunun hesabına ölkə iqtisadiyyatına Amerika sanksiyalarının təsirini azaltmağı nəzərdə tutduğu bildirilir. Artıq ölkə neft satışında hesablaşmaları avro ilə etməyə başlayıb.

Xəbər lenti