Xəzər Xəbər

MÜHARİBƏ SƏSLƏRİ: Nüvə dövlətləri üz-üzə: Kim güclüdür?

Dünya | 14:12 • 22 Sentyabr 2017
MÜHARİBƏ SƏSLƏRİ:

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı dünya xəritəsindən siləcəyi ilə hədələyib.

Amerika başçısı ölkəsinin Şimali Koreya ilə müharibəyə hazır olduğunu bildirib:

"Əgər başqa çıxış yolu qalmayacaqsa, ABŞ Şimali Koreyanı yerlə-yeksan etməyə hazırdır. Amerika səbrlə davranır, ancaq hər bir səbrin sonu var. Amerikanın böyük gücü və səbri var. Amma əgər bizi özümüzü və müttəfiqlərimizi qorumağa məcbur etsələr, bizim Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq”. BMT Baş Assambleyasında çıxış edən Tramp çıxış yolunu Şimali Koreya rəhbərliyinin nüvə silahı fikrindən imtina etməsində görüb: "Onlar başa düşməlidirlər ki, yeganə qəbul ediləcək yol, nüvə çalışmalarından imtina etməkdir”.

ABŞ, yoxsa Şimali Koreya?

Tez-tez nüvə silahlarını sınaqdan keçirən Şimali Koreyanın ABŞ-a meydan oxuması ilə tərəflər arasında müharibə riski hər keçən gün artır. Koreya lideri Kim Çen İn ABŞ-a nüvə silahı ilə cavab verəcəklərini iddia edib. Tramp isə həmkarına cavabında Şimali Koreyanı tamamilə yer üzündən siləcəyi ilə hədələyib. Ağ Ev rəhbəri bildirib ki, Şimali Koreya nüvə fəaliyyətlərini davam etdirdiyi vaxt, gözlənilmədən istənilən qərarları qəbul edə bilərlər. Əlbəttə, liderlərinin hansı bəyanatla çıxış etməsindən asılı olmayaraq, əsas məsələ həm ABŞ, həm də Şimali Koreyanın hansı potensial və gücə sahib olması ilə bağlıdır. Müharibə ehtimalının özünü doğrultduğu bu günlərdə əsas müzakirə mövzusu da budur.

Canlı hərbi qüvvə

Şimali Koreyanın 24 milyon nəfərlik əhalisinin qarşısında ABŞ-ın 324 milyon nəfəri var. ABŞ ordusunda 1 milyon 400 min, Şimali Koreya Silahlı Qüvvələrində isə 700 min əsgər var. Amerikanın ehtiyatdakı hərbçilərinin sayı 1 milyon 100 min, Şimali Koreyada isə bu rəqəm 4 milyon 500 mindir.

Quru qoşunları

Amerikanın arsenalında 8 848 Şimali Koreyada 4200 tank, Amerikanın 41062 Şimali Koreyanın 4100 zirehli maşını, Amerikanın 1934 Şimali Koreyanın 2250 zenit və digər silahları, Amerikanın 1299 Şimali Koreyanın 4300 hava hücumundan müdafiə sistemi, raket və başlığı, Amerikanın 1331 Şimali Koreyanın isə 2400 raketatan sistemi var.

Hərbi Hava Qüvvələri

Amerikanın 13 513 Şimali Koreyanın 82 hərbi hava limanı, Amerikanın 13444 Şimali Koreyanın 944, Amerikanın 2308 Şimali Koreyanın 458 hücumdanmüdafiə təyyarəsi, Amerikanın 2771 Şimali Koreyanın 169 təlim təyyarəsi, Amerikanın 6084 Şimali Koreyanın 202 döyüş helikopteri, Amerikanın 957 Şimali Koreyanın isə 20 hücum helikopteri var.

Hərbi DənizQüvvələri (Donanma)

Amerikanın 19 gəmi-təyyarəsi olduğu halda Şimali Koreyanın belə bir texnikası yoxdur. Bundan başqa Amerikanın 6 Şimali Koreyanın 3 freqatı var. Amerikanın 62 destroyeri olduğu halda Şimali Koreyada bu rəqəm sıfırdır. Şimali Koreyanın arsenalında 2 korvert olduğu halda Amerikada bu yoxdur. Amerikanın 75 Şimali Koreyanın 70 sualtı gəmisi, Amerikanın 13 Şimali Koreyanın 211 sahil təhlükəsizlik gəmisi, Amerikanın 11 Şimali Koreyanın isə 23 minaatan gəmisi var.

Koreya mühasirədə

Müharibə vəziyyətində Şimali Koreyanı müdafiə edəcək müttəfiqi yoxdur. Amerikanın təkcə NATO-da 27 müttəfiqi var. Üstəgəl, ABŞ-ın Şimali Koreya ətrafında bu ölkəni vura biləcəyi 200-ə yaxın strateji məntəqə var ki, burada həmin ölkənin hərbi bazaları var. Digər yandan müharibə vəziyyətində Yaponiya və Cənubi Koreya da Amerikanı dəstəkləyəcək. Pxenyanı çətin vəziyyətə salan daha bir mühüm məqam budur ki, Şimali Koreya ordusunun arsenalında olan uzaqmənzilli raketlər Amerikanı vurmaq gücündə deyillər. Ən yaxşı halda Şimali Koreya Yaponiya və Cənubi Koreyanı vura bilər. Amerika isə həm öz ərazisindən, həm də Yaponiya və Cənubi Koreyadan, həmçinin bölgədəki hərbi bazalarından Şimali Koreyanı raket zərbələri ilə iflic etmək gücündədir.

Kim Çen İnəSəddam Hüseyn dərsi

Cənubi Koreyanın Yonsey Universitetin professoru Con Deluri hesab edir ki, ABŞ-la müharibə vəziyyətində Şimali Koreyanın heç bir şansı yoxdur. Professor belə bir müharibənin Kim Çen İn və ölkəsi üçün dramatik olacağını iddia edir: "Kim Çen İn Səddam Hüseynin üzləşdiyi faciədən dərs alıb. Buna görə də Amerikanı nüvə silahları ilə qorxutmağa çalışır. Lakin o, nüvə silahına əl ata bilmədən Səddam Hüseynin yanına göndərilə bilər”. Donald Tramp da Şimali Koreyaya veriləcək dərsin analoqunun olmayacağını bildirib: "Əgər Şimali Koreya nüvə təhdidlərini davam etdirsə, dünya indiyədək görməyəcəyi müharibə və alovu görəcək. Şimali Koreyanın indən sonra edəcəyi ən yaxşı hərəkət, bir daha ABŞ-ı təhdid etməmək olardı”.

Hərbi büdcə

Hərbi güc baxımından müdafiə sənayesinin inkişafına əhəmiyyət verən hər iki ölkənin hərbi büdcələri arasında kəskin fərq var. ABŞ-ın 581 milyard dollarlıq büdcəsinə qarşı Şimali Koreyanın cəmisi 7.5 milyard dollar pulu var. Amerika gündə 8 653000 barel neft istehsal etdiyi halda, Şimali Koreya sadəcə 100 barel neft istehsal edir. ABŞ-ın 7000-dən çox nüvə silahının olduğu bilindiyi halda tez-tez sınaqlar keçirən Şimali Koreya özünün nüvə arsenalını dünyadan gizlədir. Analitiklər məhz bu nöqtədə vəziyyətin göründüyü kimi olmadığını, Amerikanın ancaq nüvə silahları işə düşməyəcəyi halda Şimali Koreyanı məğlub edəcəyini bildirirlər. Hesab olunur ki, nüvə silahlarının iştirak edəcəyi bir müharibədə qalib tərəf olmayacaq və bütün dünya məhv ola bilər./Cümhuriyət

Xəbər lenti