Xəzər Xəbər

Myanmar lideri ilk dəfə Rohinca müsəlmanlarına qarşı zorakılığa reaksiya verib

Dünya | 15:50 • 19 Sentyabr 2017
Myanmar lideri ilk dəfə Rohinca müsəlmanlarına qarşı zorakılığa reaksiya verib

Myanmanın dövlət müşaviri və faktiki hökumət başçısı Aunq San Su Çji Rakhayn ştatında azlıq təşkil edən Rohinca müsəlmanlarına qarşı zorakılığı ilk dəfə açıq şəkildə pisləyib. AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Nobel mükafatı laureatı Aunq San Su Çji bu gün televiziya ilə xalqa müraciət edib. O bildirib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq insan haqlarının hər hansı şəkildə pozulması qəbuledilməzdir. Myanmanın dövlət müşaviri insan haqlarını pozanların dini, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq onlara qarşı tədbirlər görüləcəyini vəd edib.


"Biz hamımız sülh istəyirik, heç kəs müharibə istəmir”, - deyən Aunq San Su Çji daha sonra əlavə edib ki, Rakhaynda münaqişədən zərər çəkmiş bütün insanların halına acıyır. Myanmanın dövlət müşaviri bu regionda baş verən hadisələrlə şəxsən tanış olacağını və xarici müşahidəçilərin ölkəyə gəlməsinə icazə veriləcəyini vəd edib. O, hərbçilərin hərəkətlərinin təfərrüatını açıqlamayıb.


Aunq San Su Çji son həftələr ərazində Rakhaynda törədilən zorakılıqlardan xilas olmaq üçün kütləvi şəkildə Banqladeşə qaçan Rohinca müsəlmanlarının statusunu istənilən anda öyrənməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Myanma hökuməti qaçqınların geri qayıtmasına kömək etməyə hazırdır. Bununla belə, dövlət müşaviri qaçqınların qaytarılmasına zəmanət verilməsi barədə heç nə deməyib.


Myanmada baş verən hadisələrə görə ölkə hökuməti beynəlxalq miqyasda kəskin tənqid olunur. Aunq San Su Çjini fəaliyyətsizlikdə təqsirləndirirlər. Bu səbəbdən o, BMT-nin Nyu-Yorkda keçiriləcək Baş Məclisində iştirakdan imtina edib. Həmin sessiyada müzakirə ediləcək mühüm mövzulardan biri Myanma hadisələri olacaq. Myanmanın müsəlman azlığının nümayəndələri və hüquq müdafiəçiləri bu ölkənin hökumətini etnik təmizləmələr aparmaqda və müsəlmanları oradan qovmağa cəhd göstərməkdə ittiham edirlər.


Myanmada bir milyondan çox Rohinca müsəlmanı yaşayır. Əhalinin əksəriyyəti buddistlər olan bu ölkədə Rohinca müsəlmanları onilliklər boyu ayrı-seçkiliyə məruz qalır. Bu müsəlmanların çoxunun pasportu yoxdur və onlar Myanma vətəndaşı hesab edilmir.

Xəbər lenti