Xəzər Xəbər

İsrail Əl-Əqsa məscidinin girişindəki metalaxtaran detektorları sökür

Dünya | 12:08 • 25 İyul 2017
İsrail Əl-Əqsa məscidinin girişindəki metalaxtaran detektorları sökür

İsrail hökuməti Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin girişində qoyulmuş metalaxtaran detektorların sökülməsi işlərinə başlayıb.


AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, İsrail tərəfi regionda və ümumən müsəlman dünyasında kəskin etirazlar doğuran detektorların yerinə ağıllı videokameralar quraşdırmaq niyyətindədir.


BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov hesab edir ki, Əl-Əqsa məscidi ətrafında yaranmış böhran cümə gününə qədər həll olunmalıdır. "Əgər biz gələn Cümə namazına qədər bu böhranı həll etməsək, vəziyyət daha da gərginləşəcək, - deyə Mladenov BMT Təhlükəsizlik Şurasının iyulun 24-də keçirilən qapalı iclasından sonra jurnalistlərə bildirib. - Heç kim fikirləşməsin ki, bu, yalnız yerli problemdir. Bu məsələ Qədim şəhərin, İsrail və Fələstin ərazilərinin, hətta Yaxın Şərqin sərhədləri xaricinə çıxa biləcək potensial faciəvi nəticələrə səbəb ola bilər”.


Xatırladaq ki, artıq bir həftədən çoxdur ki, fələstinlilər və İsrail ərəbləri müsəlmanlar üçün müqəddəs olan Əl-Əqsa məscidinin girişinə metal detektorlarının quraşdırılmasına qarşı etiraz aksiyaları keçirir, küçələrdə namaz qılırlar. Müsəlmanlar bu addımın onların idarə etdiyi ərazini ələ keçirmək və hüquqlarını məhdudlaşdırmaq üçün atıldığı qənaətindədir.


Əl-Əqsa məscidi ətrafında yaranan böhran səbəbindən baş verən toqquşmalarda indiyədək azı 6 müsəlmanın həlak olduğu və yüzlərlə insanın yaralandığı bildirilir.

Xəbər lenti