Xəzər Xəbər

Kolumbiya hökuməti və prezident administrasiyasının əməkdaşları istefa verib

Dünya | 12:37 • 20 İyul 2017
Kolumbiya hökuməti və prezident administrasiyasının əməkdaşları istefa verib

Kolumbiyanın Nazirlər Kabineti, Prezident Xuan Manuel Santos administrasiyasının yüksək vəzifəli əməkdaşları və ali müşavirləri istefa veriblər. Bu barədə iyulun 19-da respublika başçısının administrasiyasının baş katibi bildirib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin və ali məmurların qərarı dövlət idarəçiliyində artan problemlər və prezidentin reytinqinin aşağı düşməsi fonunda hökumətin fəaliyyətinin effektivliyinin artırılmasının vacibliyindən irəli gəlir.

Prezident administrasiyası tərəfindən dərc olunan birgə bəyanatı 24 məmur imzalayıb. Onların arasında ölkənin bütün 14 naziri, o cümlədən xarici işlər naziri Mariya Anxela Olqin və müdafiə naziri Luis Karlos Vileqas da yer alır.

Kolumbiyada hökumətdə yerdəyişmə qərarlarını prezident qəbul edir. Dövlət başçısı isə hələlik hansı nazirin vəzifələrinin icrasına davam edəcəyini, hansı nazirin isə vəzifədən gedəcəyini rəsmən elan etməyib.

Qeyd edək ki, Kolumbiyada növbəti prezident seçkiləri 2018-ci il mayın 27-də keçiriləcək, hazırkı dövlət başçısı Xuan Manuel Santosun mandatı isə 2018-ci il avqustun 7-də başa çatacaq.

Xəbər lenti