Xəzər Xəbər

Qətərə qarşı tələblərin sayı azaldıldı

Dünya | 14:52 • 19 İyul 2017
Qətərə qarşı tələblərin sayı azaldıldı

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklər (BƏƏ), Bəhreyn və Misir Qətər üçün tələblərin siyahısını azaldıb və konkret müddət qoymadan onları yerinə yetirməyə çağırıb.

Publika.az "Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim deyib.

Onun məlumatına görə, ərəb ölkələri 13 tələbin əvəzinə 6 ümumi "prinsip” formalaşdırıb.

"Sözsüz ki, hamınız güzəştləri dəstəkləyirik, amma altı prinsiplə bağlı güzəşt olmayacaq”, - nəşr səudiyyəli diplomatın sözlərini sitat gətirib.

Tələblərin yeni siyahısında "Əl-cəzirə” peyk telekanalının bağlanması, həmçinin islam təşkilatlarının bütün üzvlərinin Qətərdən göndərilməsi yoxdur.

Xatırladaq ki, Qətər dövlət xəbərlər agentliyində yerləşdirilən bəyanatı əsas göstərən BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik əlaqələri kəsiblər. İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürüblər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və "Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adıçəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.

Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.


Xəbər lenti