Xəzər Xəbər

Filippin prezidentinin mühafizəçiləri pusquya düşüb

Dünya | 13:10 • 19 İyul 2017
Filippin prezidentinin mühafizəçiləri pusquya düşüb

Filippin prezidentinin beş mühafizəçisi ölkənin kommunist partiyasının silahlı dəstələri ilə toqquşma nəticəsində yaralanıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə Mindanao adasının Kotabato əyalətində baş verib. CNN Philippines telekanalının məlumatına görə, prezident mühafizəsinin 10 əməkdaşının olduğu iki avtomobil nəzarət-buraxılış məntəqələrinin birində əsgər paltarı geymiş 50 yaraqlı tərəfindən saxlanılıb. Sonradan silahlı şəxslərin hərbçi olmadığını başa düşən mühafizəçilər onlara atəş açıblar. Hökumət qoşunları yaraqlıları təqib edir. Xəbərdə bildirilir ki, hücum vaxtı ölkə lideri regionda olmayıb.

İyulun 18-də Filippin prezidenti Duterte Mindanao adasında hərbi vəziyyət rejimini ilin sonunadək uzatmaq barədə ölkə konqresinə müraciət göndərib.

Xatırladaq ki, mayın 23-də "Maute” qruplaşmasının silahlıları Filippin təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum edərək Mindanao adasının Maravi şəhərini nəzarətə götürməyə nail olub. Elə həmin gün Duterte adanın bütün ərazisində hərbi vəziyyət tətbiq edib. Şəhər bütün iyun ayı boyu gedən ağır döyüşlərdən sonra yenidən hökumət qüvvələrinin nəzarətinə keçib.

Xəbər lenti