Xəzər Xəbər

BƏƏ Qətər böhranının beynəlxalq monitorinqinə çağırır

Dünya | 15:08 • 17 İyul 2017
BƏƏ Qətər böhranının beynəlxalq monitorinqinə çağırır

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş Qətər ətrafında yaranan böhranın beynəlxalq monitorinqinin tətbiqinə çağırıb.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə "Khaleej Times” qəzeti məlumat yayıb. "Bizə regional həll yolları və beynəlxalq monitorinq vacibdir... Biz əmin olmalıyıq ki, 300 milyard dollar ehtiyata malik Qətər dövləti bundan sonra cihad və terrorizm ideyasının rəsmi və ya qeyri-rəsmi sponsoru olmayacaq”, - qəzet dövlət nazirinin bu sözlərini dərc edib.


Nazir, habelə qonşularının Qətərə göstərdikləri təzyiqlərin artıq müəyyən fayda verdiyini bildirib, Qətər və ABŞ-ın terrorla mübarizə memorandumunu imzalanmasını müsbət addım kimi dəyərləndirib.


Xatırladaq ki, iyunun əvvəllərində dörd körfəz ölkəsi - Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri "terrora və ekstremist ideologiyasına dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələri kəsmək, bank əməliyyatlarını dayandırmaq, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağlamaq barədə qərar qəbul edib. Sonradan onlara Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikaları da qoşulub.


Bir müddət əvvəl qonşuları Qətərə 13 tələbdən ibarət ultimatum vermişdi. Onların arasında İranla diplomatik və hərbi münasibətlərin səviyyəsini aşağı salmaq, Türkiyənin ölkədəki hərbi bazasını bağlamaq, digər ölkələrin daxili işlərinə qarışmamaq, "Əl-Cəzirə” televiziyalar şəbəkəsinin fəaliyyətini dayandırmaq və başqa tələblər vardı.


Qətər isə öz növbəsində ərəb dövlətlərinin ittihamlarını əsassız sayaraq bəyan edib ki, irəli sürülən tələblər əsassızdır və yerinə yetirilə bilməz.

Xəbər lenti