Azərbaycanın İrandakı səfiri bu ölkənin idman və gənclər naziri ilə görüşüb

21.10.2018 17:08

Oktyabrın 21-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bu ölkənin idman və gənclər naziri Məsud Soltanifər ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan-İran münasibətlərinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır. Son 5 il ərzində iki ölkənin prezidentləri 12 dəfə görüşüblər. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də yaxşı münasibətlər mövcuddur. Bu il "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı” imzalanıb. İki ölkədə keçirilən tədbirlərdə gənclərin iştirakı mövcud dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir.

Diplomat bildirib ki, Azərbaycanda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın inkişafında əsas mərhələ 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlandı. Ölkəmizdə digər sahələr kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bundan sonra Azərbaycan beynəlxalq Olimpiya hərəkatına daha fəal qoşularaq idman potensialını yeni mərhələdə nümayiş etdirdi. Beləliklə, bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsində idmançılarımız möhtəşəm qələbələrə imza atdı.

Qeyd olunub ki, Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafına, gənclərin sağlam və gümrah yetişmələrinə, onların bədən tərbiyəsi və idmanla daha yaxından məşğul olmalarına xüsusi diqqət və qayğı göstərilir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar. Prezident İlham Əliyevin tapşırıq və sərəncamları ilə ölkəmizdə gənclər və idman sahəsində bir çox işlər görülüb. Azərbaycan bir çox uğurlara imza atıb və mötəbər tədbirlərə, idman yarışlarına ev sahibliyi edib. Azərbaycanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları keçirilib. Birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sədrlik edib. Ölkəmizdə idmana qayğı, sağlam nəslin yetişməsinə dəstək Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. İdmana marağın artmasında və Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılmasında onun böyük xidmətləri var.

Məsud Soltanifər vurğulayıb ki, İran-Azərbaycan əlaqələrinin inkişaf etməsi sevindiricidir. Bizi ortaq tarix, mədəniyyət, din birləşdirir. Ölkələrimiz arasındakı bağlılıqlar münasibətlərin inkişafına müsbət təsir göstərir.

Görüş zamanı 2014-cü ildə imzalanmış "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində Azərbaycanda İran gənclərinin dostluq həftəsinin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR