ABŞ Şimali Koreya üçün plan hazırladı

25.06.2018 14:29

12 iyun Sinqapur sammitində Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair əldə olunan razılaşmaların həyata keçirilməsi üçün yaxın vaxtlarda ABŞ Pxenyana görüləcək tədbirlər planının qrafikini təqdim edəcək.

Bu barədə Pentaqonun rəhbəri Ceyms Mettisi müşayiət edən nümayəndə deyib.

"Biz Pxenyanın üzərinə götürdüyü öhdəlikləri könüllü şəkildə yerinə yetirməyə hazır olub-olmadığını tezliklə biləcəyik. Sammitdə əldə olunan razılaşmaların necə həyata keçirilməli olduğuna dair Şimali Koreyaya öz konsepsiyamızı təqdim edərkən, biz onlara konkret suallar verəcəyik və plan-qrafik təklif edəcəyik” – deyə Pentaqonun nümayəndəsi bildirib.

O, qrafikin detalları barədə açıqlama verməsə də, Pxenyanın nüvə proqramının ləğvi prosesinin uzun zaman çəkməyəcəyini söyləyib.

Sinqapur sammitindən sonra ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, Vaşinqton nüvəsizləşmə prosesinin bütövlükdə 2-2,5 ilə - Donald Trampın prezidentlik müddətinin sonunədək yekunlaşacağına ümid edir.

Qeyd edək ki, Pentaqonun rəhbəri Ceyms Mettis 26-28 iyun tarixlərində Uzaq Şərq turnesinə çıxaraq, Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcək. Bu, 2014-cü ildən bəri ABŞ müdafiə nazirinin Çinə ilk səfəri olacaq. Keçiriləcək görüşlərin hamısında Koreya yarımadasının nüvəsizləşməsi məsələsi prioritet olacaq.

© xezerxeber.az


547 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR