298 nəfərin həlak olmasının səbəbkarı rəsmən elan olundu

25.05.2018 14:42

Avstraliya və Niderland 2014-cü ildə Malayziyanın "Boeing” təyyarəsinə hücuma görə Rusiyanın məsuliyyət daşıdığını rəsmən elan edib.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Niderlandın xarici işlər naziri Ştef Blok hər iki tərəfin mövqeyinin Niderland hökumətinin bəyanatında əks olunduğunu deyib. "Niderland və Avstraliya qəzanın təhqiqatı üzrə beynəlxalq qrupun nəticələrinə əsaslanaraq MH17-nin vurulduğu "Buk” zenit-raket kompleksinin həmin ərazidə yerləşdirilməsinə görə Rusiyanın məsuliyyət daşıdığına əmindir”, - deyə o bildirib.

BBC telekanalının məlumatına əsasən, Niderland hökuməti Rusiyanı rəsmən məsuliyyətə cəlb etməyə hazırlaşır. Niderland və Avstraliyanın mövqeyi həm Moskvadakı Rusiya rəhbərliyinə, həm də RF-in Kanberra və Haaqadakı səfirlərinə təqdim edilib.

Mayın 24-də beynəlxalq tədqiqatçılar qrupu dörd il əvvəl Donetsk vilayətində mülki "Boeing” təyyarəsinə tərəf buraxılan raketin Kursdakı hərbi bazadan gətirildiyini bildirib.

Xatırladaq ki, Amsterdam (Niderland) – Kuala-Lumpur (Malayziya) МН17 reysini həyata keçirən "Malaysia Airlines” aviakompaniyasına aid "Boeing-777” təyyarəsi 2014-cü il iyulun 17-də Donetsk vilayətinin səmasında vurulmuşdu. İnsident nəticəsində təyyarənin göyərtəsindəki 298 nəfərin hamısı həlak olmuşdu.

© xezerxeber.az


577 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR