Dünyada vəhşi heyvan qaçaqmalçılığı artmaqdadır

11.07.2020 12:36

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) hesabatına əsasən, dünyada vəhşi heyvan və bitkilərlə qanunsuz ticarət geniş yayılıb. Fil, kərgədan və pələnglərlə yanaşı, panqolinlərin qaçaqmalçılığı da son dövrlərdə artıb.

Peşəkar qaçaqmalçılar fil dişi ilə yanaşı, Asiyada xüsusilə yüksək qiymət verilən heyvanlara da diqqəti artırıblar. Beynəlxalq qurumun 2014-2018-ci illəri əhatə edən hesabatında dünyada müsadirə olunan vəhşi heyvan və bitkilərin 14 faizinin tək bir heyvan növündən – panqolindən ibarət olduğu müəyyən edilib. Bu heyvanın pullu dərisi ənənəvi Çin təbabətində istifadə edildiyi kimi, əti də delikates sayılır.

Hesabatda qeyd edilib ki, qaçaqmalçılardan müsadirə olunan vəhşi təbiətə aid malların üçdəbirini tropik ağaclar, digər üçdəbirini isə fil dişi təşkil edir. Panqolinlər (14 faiz), kərgədan buynuzu (12 faiz) ilə yanaşı, nadir tısbağa, pələng və ilanbalığı növləri də qara bazarlarda böyük gəlir gətirir.

Hesabatı təqdim edən UNODC direktoru Qada Vali bildirib ki, nadir heyvan növləri ilə qanunsuz ticarət bir tərəfdən onların nəslinin kəsilməsini sürətləndirir, digər tərəfdən isə insanların sağlamlığını təhlükə altına salır. Belə ki, alimlər ötən aylarda COVID-19 törədicisinin heyvandan insana keçməsində panqolinlərin aralıq daşıyıcı olması barədə ehtimallar irəli sürüblər. Mütəşəkkil cinayətkar dəstələrin yaratdığı transmilli şəbəkələr vəhşi heyvanların ticarətindən böyük mənfəət əldə edirlər. Lakin bu zaman unudulur ki, son onilliklərin bütün yeni infeksiya xəstəliklərinin dörddəüç hissəsi heyvanlardan insanlara keçib. Vəhşi təbiətin bu cür istismarı iqlim və növ müxtəlifliyinə zərbə vurmaqla yanaşı, insanların sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.

"Vəhşi təbiətə qarşı cinayətlərə dair beynəlxalq hesabat” ilk dəfə dörd il bundan öncə hazırlanıb. Hazırki hesabat 149 ölkənin gömrük orqanlarının aşkarladığı faktların yer aldığı statistikanı əks etdirir. 1999-cu ildən bəri 6 min müxtəlif heyvan və bitki növünün qeyri-qanuni ticarəti aşkarlanıb. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR