Almaniya ABŞ-ın ÜST-dən çıxmasını beynəlxalq əməkdaşlığa zərbə adlandırıb

08.07.2020 18:56

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması koronavirus pandemiyası şəraitində fəaliyyəti daha vacib olan beynəlxalq əməkdaşlıq sisteminə zərbədir.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martin Fits jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

"Almaniya hökuməti Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini yüksək qiymətləndirir. Bu, əsasən də hazırkı dövrdə daha vacibdir. Biz ABŞ-ın ÜST-dən çıxmasını beynəlxalq əməkdaşlığa zərbə hesab edirik. Bütün dünyada infeksiyanın yayılması beynəlxalq əməkdaşlığa daha çox ehtiyacın olduğunu göstərir”, - deyə Almaniya hökumətinin nümayəndəsi bildirib.

İyulun 7-də BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-ın 2021-ci il iyulun 6-da Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı barədə Antonio Quterreşə bildiriş göndərdiyi barədə məlumat verib. Onun sözlərinə görə, BMT-nin Baş katibi ABŞ-ın təşkilatdan çıxma prosedurunda nəzərdə tutulan şərtlərin yerinə yetirilməsini yoxlamalıdır. Bu şərtlərə təşkilatı tərk etmə barədə bir il öncədən məlumatlandırma və maliyyə öhdəliklərinin yerinə yetirilməsi daxildir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 29-da Vaşinqtonun ÜST ilə əlaqələri dayandırmaq niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, guya Çin hakimiyyəti və ÜST rəhbərliyi yeni koronavirusun yayılması ilə bağlı lazımi tədbirləri görməyib.

© xezerxeber.az


287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR