Yaponiyada leysan yağışlar nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb

06.07.2020 11:50

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasında yağan leysan yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb. Daha 11 nəfərin itkin düşdüyü bildirilir.

Təbii fəlakət nəticəsində ən çox zərər Kumamoto və Kaqoşima prefekturalarına dəyib. İyulun 6-da səhər saatlarına olan son məlumata görə, təqribən 9,5 min mənzil və şəxsi ev elektrik enerjisiz qalıb.

Leysan yağışların daha böyük ziyan vurduğu Kumamoto prefekturasında təqribən 1000 hektar ərazi su altında qalıb. Hazırda 1500 nəfərin təxliyə mərkəzlərinə yerləşdirildiyi bildirilir. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumat görə, Kumamoto prefekturasında yerləşən 8 xəstəxana su altında qalıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Kyuşü adasında leysan yağışlar iyulun 6-da da davam edəcək. Hazırda aşağı təzyiq zonasının mərkəzinin şərqə - Şikoku adasına tərəf dəyişdiyi bildirilir. Burada sutka ərzində 300 millimetr yağıntı düşəcəyi proqnozlaşdırılır.

Baş Nazir Şinzo Abe yerli hökumətlərin xahişinə cavab olaraq, əraziyə 10 min hərbçinin göndərilməsi barədə göstəriş verib. Onlar buradakı xilasedicilərlə birlikdə yerli əhaliyə yardım edəcəklər.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR