ÜST simptomsuz COVID-19 daşıyıcıları barədə informasiyanı öyrənir

02.06.2020 16:34

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) simptomsuz yeni koronavirus infeksiyası daşıyıcılarının COVID-19 xəstəliyinin yayılmasında təhlükə dərəcəsini müəyyən etmək üçün daha çox informasiya lazımdır.

Xezerxeber.az xəbər verir ki, bu fikri ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris iyunun 2-də keçirilən brifinqdə səsləndirib.

"Ümumdünya Səhiyyə Təşkilatının Çinin Uxan şəhərində tədqiqat aparan missiyasının məlumatına görə, simptomsuz xəstələr pandemiyanın yayılmasında əsas rol oynamır. Bu barədə müxtəlif fikirlər mövcuddur və biz daha çox informasiya əldə etmək istəyirik”, - deyə Marqaret Harris bildirib.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də ÜST yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 15:20-yə olan məlumatına əsasən, dünyada 6 milyon 394 mindən çox yoluxma və 377 min 971 ölüm faktı qeydə alınıb, 2 milyon 926 min 932 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR