Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilir

02.06.2020 15:46

ABŞ-ın paytaxt Kolumbiya dairəsində hərbi helikopterlər gecə ərzində bir neçə dəfə kütləvi etiraz aksiyaları iştirakçılarının üzərindən uçub.

Xezerxeber.az Fox News telekanalına istinadla xəbər verir ki, aşağı hündürlükdən uçan helikopterlər güclü səs çıxarır və havaya çoxlu toz qaldırır. Bu cür taktika insanları qorxutmaq məqsədi daşıyır. Şahidlərin sözlərinə görə, bunun üçün "UH-60 Black Hawk” və "UH-72 Lakota” helikopterlərindən istifadə olunub.

ABŞ KİV-ləri Prezident Donald Trampın iğtişaşların qarşısının alınması üçün ordunun cəlb edilə biləcəyi barədə bəyanatından sonra iyunun 2-nə keçən gecə Vaşinqton küçələrində hərbçilərin göründüyünü yazırlar. "Stars and Stripes” qəzetinin məlumatına görə, Kolumbiya dairəsinə polis və hərbi mühəndis dəstələri yeridilib, lakin onlar hələlik şəhər ətrafındadır. "USA Today” qəzeti isə öz növbəsində paytaxt küçələrində hərbi texnikanın və hərbçilərin göründüyü barədə xəbər yayıb.

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp federal hökumətin son günlər böyük iğtişaşların baş verdiyi rayonlarda asayişin bərpa edilməsi üçün silahlı qüvvələrdən istifadə etməyə hazır olduğunu deyib. Lakin paytaxt regionu xaricində bunu etmək üçün ştat qubernatorunun icazəsi olmalıdır.

Qeyd edək ki, Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ-ın Minneapolis və digər şəhərlərində iğtişaşlar başlayıb. Kütləvi etiraz aksiyaları səbəbindən ölkənin 40-a yaxın şəhərində komendant saatı tətbiq olunub. ABŞ Milli Qvardiyası yüksək hazırlıq səviyyəsinə gətirilib. Asayişin qorunmasına qvardiyanın 5 minə yaxın əməkdaşı cəlb edilib.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR