Piter Teys: Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” misli görünməmiş təxribat aktıdır

01.04.2020 13:33

2020-ci il martın 31-də Ermənistanın faşist hökumətinin rəhbərliyi altında Azərbaycanın suveren ərazilərində keçirilmiş qondarma "prezident və parlament seçkiləri” misli görünməmiş təxribat aktıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Yerevan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və ATƏT-in qərarlarına hörmət etmir:

"Bu, növbəti dəfə Ermənistan rəhbərliyinin Azərbaycanın suveren ərazilərində mövcud status-kvonu saxlamaq və Ermənistanda yoxsulluq səviyyəsinin artmasına gətirib çıxaran dövlət idarəçiliyi praktikasını təşviq etmək niyyətini nümayiş etdirir”.

Ekspert bildirib ki, beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı operativ reaksiya göstərməməsi və pisləyən açıqlamalar verməməsi dərin narahatlıq doğurur.

P.Teys hesab edir ki, Ermənistan hakimiyyətinin Azərbaycanın bu regionunda apardığı siyasət Avropada təhlükəsizlik üçün ciddi təhdiddir və regionda digər münaqişə zonaları üçün təhlükəli presedent təşkil edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1991-ci ilin sonlarında Ermənistan hərbi qüvvələri Azərbaycan sər­həd­lərini pozub Qarabağa daxil oldular. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 25 mindən çox insan hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub.

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR