İtaliyada turistlər üçün maraqlı məkanlar - FOTO

16.02.2020 16:10

Qarşıdan gələn Novruz bayramı tətilləri üçün plan qurmamısınızsa, onda bu araşdırma sizin üçündür.

İtaliya 2020-ci ildə səyahət arzusunda olduğunuz ölkələrdən biridirsə, onda klassik istiqamətlərdən və yerlərdən qaçmaq maraqlı olar. Yəni tək Roma, Venesiya, Florensiya və ya Milanla kifayətlənməyin. Bu yazıda turistlərə maraqlı ola biləcək daha 10 istiqamət barədə məlumatlar verilir.

Pozitano. Pozitano İtaliyanın cənubunda, Amalfi sahillərində yerləşir. Möcüzəvi coğrafiyası, romantik dəniz sahilləri və sürrealist mənzərəsi ilə bu şəhər xəyal qurmağı sevən insanların cənnətidir. Bir təpənin kənarında yerləşən evləri bütöv bir pastel rəng palitrası və çoxlu otel, moda butikləri və restoranlarının olduğu dik küçələri hər kəsin diqqətini cəlb edir. Boz rəngli qum ilə örtülmüş "Spaggia Grande” çimərliyi möhtəşəm bir mühit təqdim edir. Bölgəyə xas olan limonçello likörü içərək qürub çağını zövqlə izləmək olar.

San-Ciminyano. Orta əsrlərə qayıtmaq istəyənlər üçün qalaların və dolanbac küçələrin bol olduğu San-Ciminyano İtaliyanın qəlbindəki Toskana bölgəsində yerləşir. Burada 11-ci əsrə aid 15 qala təpələrdə ucaldılıb. Bu bölgə, habelə İtaliyanın ən yaşıl ərazisidir. Müasir incəsənət üçün isə Avropanın ən yaxşı qalereyalarından biri olan "Gallerie Continua”ya baş çəkmək və tarixi küçələri araşdırmaq məsləhətdir. Bu küçələrdə yerli mətbəx nümunələrini təqdim edən ailə restoranları da fəaliyyət göstərir.

Kataniya. Dünyanın ən aktiv vulkanlarından biri - Etnanın qəyyumluğundakı Kataniya şəhəri mütləq görülməli yerlərdən biridir. İlk baxışdan qonağı heyrətləndirən səs-küyə və xaosa baxmayaraq, onun küçələri tarixlə doludur. Mütləq Etnaya qalxmaq və Massimo Bellini Teatrında əsl italyan operasını görmək lazımdır.

Lukka. Bu cazibədar qədim şəhər zəngin tarixi, gözəl kilsələri və əla restoranları ilə ilk baxışdan diqqət cəlb edir. Orta əsrlərin divarları arxasında gizlənmiş şəhər Toskana regionunun strateji şəhərlərindən birincisidir. 11-ci əsrdə qurulmuş "Catedrale di San Martino”nun heyranedici fasadı ilə tanış olmaq, hündürlüyü 45 metr olan Cinidji qülləsinin 230 pilləsinə qalxmaq və bölgənin heyrətamiz mənzərələrini izləmək burada ediləsi ən vacib işlərdir.

Ravello. Dənizlə əhatələnmiş, heyrətamiz topoqrafiya ilə terraslardakı inanılmaz qayalarla, fantastik rənglər və bol bitki örtüyü olan bağlarla bəzənmiş Ravello İtaliyanın ən gözəl şəhərlərindəndir. Burada göy və dəniz böyük bir mavi və sonsuz üfüqdə birləşir. Məhz bu yerlərdə bir insan həqiqətən kainatın gözəlliyi qarşısında özünü kiçik hiss edir, var olduğuna görə minnətdar olur və xoşbəxt olur. 
Portovenere. La Spezia bölgəsində yerləşən bu kiçik şəhər buxtanın fantastik mənzərələri, tarixi binalarının inanılmaz gözəlliyi, gözəl sahil zolağı, çimərlik, restoran və Aralıq dənizi mətbəxi ilə məşhurdur. Portovenere şəhərinin simvolu San Pietro kilsəsidir. Bu kilsə mərmər interyeri və qeyri-adi bayır görüntüsü ilə heyran qoyur.

Siena. Toskanada yerləşən Siena orta əsr İtaliyasının ən cazibədar şəhərlərindəndir. Onun tarixi mərkəzi qaranlıq xiyabanlar və qotik üslubda inşa olunmuş binaların vəhdətidir. Buradakı simvolik bina isə 13-cü əsrdə inşa olunmuş Duomodur. Duomo özündə roma və qotik arxitekturanın ən yaxşı təcrübələrini birləşdirir. Şəhərin mərkəzi küçəsindəki 102 metrlik hündürlüyü olan Torre-del-Mandja qalxsanız onun damından bütün şəhəri əl içi kimi görmək olar.

Burano. Gözəl və rəngarəng evləri ilə Burano bəlkə də bütün İtaliyanın ən "sirli” kəndlərindən biridir. Venesiya yaxınlığındakı kəndə qayıqla getmək mümkündür. Buranın rəngarəng binaları günəş işığında kanalların sularında əks olunur və turistləri heyrətə gətirən rəng çalarları yaradır. Bu şəhər, həmçinin ən dadlı qəhvə məkanlarından biridir. Buranolular məxsusi qəhvə hazırlayırlar və bu içkinin dadı uzun müddət damaqlardan getmir.

Palermo. Palermoda İtaliyanın ən möhtəşəm fontanı - Pretoriya yerləşir. Fontan simmetrik quraşdırılmış dörd pilləkənlə əhatəlidir. Pilləkənlərlə onun mərkəzinə qalxmaq olur. O müxtəlif müqəddəslər, mifoloji heykəllərlə bəzədilib. Habelə dorda saray ilə əhatələnmiş Quattro Canti meydanı da turistlərin sevimli məkanıdır. Burada yerli küçə musiqiçilərini dinləmək mümkündür.

Kyanti. Dünyanın ən məşhur şərablarından olan Kyanti şərabı məhz bu bölgənin məhsuludur. Toskananın ürəyindəki Kyanti qədim şərabçılıq ənənələri, habelə zəngin tarixi və gözəl təbiəti ilə məşhurdur. Burada avtomobil kirayə edərək ucsuz-bucaqsız üzümlükləri gəzmək, elə yerli sahibkarlardan hazır məhsul almaq mümkündür. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR