ABŞ-ın hərbi təyyarəsi Əfqanıstan üzərində vurulub, yoxsa qəzaya uğrayıb?

29.01.2020 16:34

Əfqanıstanın Qəzni şəhəri üzərində vurulan ABŞ-a məxsus təyyarədə həlak olanlardan biri də Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbi Asiya ölkələrində fəaliyyət göstərən əməkdaşı Maykl Andrea olub.

AZƏRTAC "Mehr News” agentliyinə istinadla xəbər verir ki, M.Andrea ABŞ-ın region ölkələrində həyata keçirdiyi məxfi əməliyyatların müəllifidir. General Qasım Süleymaninin qətlə yetirilməsi də onun hazırladığı kəşfiyyat əməliyyatının nəticəsidir.

Rusiyanın kəşfiyyat orqanlarına əsaslanan İran mətbuatı qeyd edir ki, M.Andrea ABŞ-ın İraqda, Əfqanıstanda həyata keçirdiyi qanunsuz əməliyyatlara rəhbərlik edib və buna görə də "aradan götürülüb”. Şübhə doğuran məqam ondan ibarətdir ki, ABŞ Müdafiə Nazirliyi hərbi təyyarənin vurulduğu barədə yox, qəzaya uğradığı barədə açıqlama verib. ABŞ-da nəşr olunan "Wall Street Journal” yazır ki, Pentaqon heç vaxt təyyarədə neçə nəfərin və kimlərin həlak olması barədə məlumat verməyəcək.

ABŞ ordusunun Əfqanıstandakı bazasının nümayəndəsi Sonni Leeqett isə bildirib ki, hələlik araşdırma aparılır, əlavə məlumat araşdırmadan sonra veriləcək. O, hərbi təyyarənin vurulması və ya qəzaya uğramasını da dəqiqləşdirməyib. Sadəcə olaraq, araşdırma aparıldığını qeyd edib.

İran mətbuatı bildirir ki, təyyarənin vurulması və ya qəzaya uğramasını müəyyənləşdirmək elə də böyük vaxt tələb etmir. Bütün bunlar onu deməyə əsas verir ki, generalın öldürülməsi ilə yanaşı, bir çox qanunsuz mətləblərdən xəbərdar olan M.Andrea lazımsız şahid kimi "aradan götürülüb”.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR