Serbiya ilə Kosovo arasında aviareyslər 21 ildən sonra bərpa olunur

27.01.2020 15:33

Serbiya və Kosovo arasında birbaşa aviareyslər bu ilin yayından yenidən bərpa olunacaq. Bu tarixi hadisə 21 ildən sonra ilk dəfə yaşanacaq.

Bu razılaşma əsasında uçuşları alman şirkəti "Lufthansa”nın törəməsi olan "Eurowings” həyata keçirəcək. Uçuşlar Belqrad və Priştina arasında olacaq.

ABŞ-ın Berlindəki səfirliyində imzalanmış razılaşmaya əsasən, Serbiya və Kosovo aralarındakı sədləri aşmaq üçün ilk addımlarını atır. ABŞ Prezidentinin Serbiya və Kosovo məsələləri üzrə xüsusi elçisi Riçard Qrenell deyib ki, iki şəhər arasında dəmir yolu nəqliyyatı da bərpa olunacaq. Bununla bağlı növbəti danışıqlar isə yanvarın 27-də Berlində aparılacaq.

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqrad və Priştina arasındakı avtomagistralın bərpası xərclərini də qarşılayacaqlarını deyib.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib və onun müstəqilliyi dünyanın bir çox ölkəsi tərəfindən tanınmır. Azərbaycan da Kosovonun müstəqilliyini tanımadığı üçün iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil.

Serbiya və Kosovo arasındakı gərgin vəziyyət 2018-ci ildə rəsmi Priştinanın serb məhsullarına vergini 100 faiz artırması ilə daha da pisləşmişdi. Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin bu vergilərdən dolayı 435 milyon avro itirdiyini bəyan etmişdi. (AZƏRTAC)

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR