ABŞ-da Çindən gələn sərnişinlər tibbi yoxlanışdan keçiriləcək

18.01.2020 09:43

ABŞ-ın səhiyyə qurumları Çində 2 nəfərin ölümünə səbəb olan yeni koronovirusun yayılması ilə əlaqədar bu ölkədən gələn sərnişinləri tibbi yoxlanışdan keçirməyə başlayıb.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Nyu-York, Los-Anceles və San-Fransiskonun beynəlxalq hava limanlarında virusun yayıldığı Çinin Uxan şəhərindən gələn sərnişinlərin koronovirusa yoluxma ehtimalını yoxlamaq üçün tibbi personal ayrılıb və lazımi avadanlıq təmin edilib. Uxandan ABŞ-a gələn sərnişinlərin bədən hərarəti yoxlanılacaq və onlara koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin simptomları barədə suallar veriləcək.

Qeyd edək ki, ötən il dekabr son günlərindən başlayaraq Uxan şəhərində 41 nəfər sətəlcəm simptomları ilə xəstəxanalara müraciət edib. Həkim və mütəxəssislərin araşdırmalarından sonra xəstəliyə koronavirusun yeni növünün səbəb olduğu müəyyən edilib. Uxan səhiyyə komissiyasının məlumatına əsasən, indiyədək 12 nəfər müalicə alaraq xəstəxananı tərk edib, 5-nin vəziyyəti ağırdır, iki nəfər isə ölüb. Xəstəliyə yoluxanlarla yaxın ünsiyyətdə olan 763 nəfər tibbi nəzarət altındadır. Çindən Tailanda səfər etmiş 2 turistin də bu virusa yoluxduğu müəyyən edilib.

Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin kliniki əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan-insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur.

Dünya Səhiyyə Təşkilatı xəstəliyin baş qaldırdığı Uxan şəhərinə səfər edərkən kəskin respirator xəstəlik riskini bir sıra vasitələrlə azaltmağı məqsədəuyğun hesab edir. Bunun üçün kəskin respirator xəstəliklərindən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra əlləri mütəmadi yumaq, canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək, kəskin respirator infeksiyasının simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla bağlamaq, əlləri yumaq lazımdır.

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR