Avropa İttifaqı 2050-ci ilə qədər “karbon neytrallığı”na nail olmaq niyyətindədir

14.12.2019 16:41

Dekabrın 13-də Madriddə başa çatan BMT-nin İqlim Dəyişmələri üzrə Konfransının yekun sazişinin müzakirəsi gecədən xeyli keçənədək davam edib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, qurumun Baş katibi Antonio Quterreş nümayəndələri elmi tədqiqatların məlumatlarını rəhbər tutmağa çağırıb.

Avropa İttifaqı 2050-ci ilə qədər "karbon neytrallığı”na nail olmağa çalışacaq.

Baş katib deyib: "Bu gün Madriddə İqlim Dəyişmələri üzrə Konfransın sonuncu günüdür. Mən BMT-nin bütün üzv ölkələrini dünyaya bizim fəaliyyət göstərmək qətiyyətimizdən danışmağa çağırıram. O, həmçinin xatırladıb ki, beynəlxalq birlik qlobal temperaturun artmasını əsrin sonuna qədər 1,5 dərəcə səviyyəsində saxlamaq üçün tədbirlər görməlidir.

Baş katibin sözlərinə görə, 2015-ci ildə qəbul edilmiş Paris İqlim Sazişinin həyata keçirilməsi qaydaları üzərində işi uğurla başa çatdırmaq üçün kompromisə hazır olmaq lazımdır. O, iqlim dəyişmələrinə qarşı mübarizədə tədbirlər görülməsində əzm nümayiş etdirmək zərurətini də vurğulayıb.

Baş katib cümə günü "karbon neytrallığı”na nail olmaq niyyətini açıqlamış Avropa İttifaqını da təbrik edib və dünyanın bütün ölkələrini bundan nümunə götürməyə çağırıb. Aİ-nin 28 ölkəsindən yalnız Polşa bu öhdəliyi öz üzərinə götürməkdən imtina edib.

BMT-nin mətbuat katibinin sözlərinə görə, təşkilatın başçısı bütün gün konfrans iştirakçıları ilə görüşüb. BMT-nin nümayəndəsi müzakirələrin şənbə günü də davam edəcəyini istisna etməyib.

"Bütün nəzərlər bizə dikilib”

İqlim Dəyişmələri üzrə Konfransın əlaqələndiricisi, Çili diplomatı Andres Landerretçe cümə günü Madriddə çıxışında etiraf edib ki, 193 ölkənin nümayəndələrinin mövqelərində ortaq məxrəcə nail olmaq asan məsələ deyil. O deyib: "İndi bütün nəzərlər bizə dikilib”. Landerretçe konfrans iştirakçılarına təkidlə konsensusa gəlməyi tövsiyə edib. Onun sözlərinə görə, qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi, iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması əvvəlki kimi prioritet olaraq qalmaqdadır. O, həm də maliyyələşdirmə məsələlərini danışıqların finalının "mühüm elementi” hesab edir.

Məsələn, diplomat bildirib ki, yekun sazişi layihəsinə dair müzakirənin bəzi iştirakçıları iqlim dəyişmələrinə qarşı mübarizədə onların planlarının icrasına ayrılan vəsaitin həcminin artırılmasını xahiş edirlər.

Hər bir adam öz töhfəsini verə bilər

Andres Landerretçe vurğulayıb ki, rəhbər və yönəldici rol hökumətə məxsus olsa da, planetimizin adi vətəndaşları da iqlim dəyişmələrinə qarşı mübarizəyə gücü çatan töhfə verə bilərlər. O, hər bir insana "hansı addımların təbiətə vurulan ziyanı azaltmağa kömək edəcək” sualını verməyi təklif edib.

Diplomat jurnalistlərin suallarına cavab verərkən "nisbi nikbinlik” vəd edən yekun sazişə dair danışıqların bütövlükdə nə ilə nəticələnəcəyi barədə məlumat verib. O bildirib ki, nümayəndə heyətlərinin üzvlərinin bəyanatları ona ”nəticələrin çox yaxşı olacağı”na ümid verir.

İqlim Dəyişmələri üzrə Konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyəti BMT Ətraf Mühit Proqramının və Yaşıl İqlim Fondunun rəsmi şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanın BMT çərçivəsində dəstəklənmiş, ətraf mühitin mühafizəsinə, ekoloji problemlərin həllinə yönəldilmiş təşəbbüsləri dəstəklədiyi ifadə olunub, bu istiqamətdə irimiqyaslı layihələrinin həyata keçirilməsi barədə məlumat verilib. Təhlükəli hidrometeoroloji hadisələrə dayanıqlılığın təmin edilməsi məqsədi ilə Azərbaycanda erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi barədə informasiya təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Paris İqlim Sazişi üzrə parnik qazları tullantılarını 2030-cu ilədək baza ili ilə müqayisədə 35 faiz azaltmaq öhdəliyi götürüb.

© xezerxeber.az

FOTOQALERIYA






148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR