İspaniyada 1,4 milyard dollarlıq nəhəng teleskop inşa ediləcək

22.11.2019 18:04

İspaniya nəhəng teleskopun inşasına icazə alıb.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Kanar adalarında 1,4 milyard dollarlıq nəhəng teleskop inşa ediləcək. Lakin bu yalnız beynəlxalq konsorsiumun teleskopu Havay adalarında inşa etmək planlarından imtina edəcəyi təqdirdə baş verə bilər.

Kanar adaları Astrofizika İnstitutunun direktoru Rafael Rebolonun sözlərinə görə, teleskopun inşasına La-Palma adasındakı Puntaqorda şəhəri tərəfindən razılıq verilib.

Otuz metrlik teleskopun qurulmasını dəstəkləyən beynəlxalq konsorsium onu Havay adalarının ən pik nöqtəsində ucaltmaq istəyir. Lakin Havay adalarının bəzi yerli sakinlərinin fikrincə, Mauna-Kea dağı müqəddəsdir. Onların etirazları nəticəsində tikinti iyulun ortalarına qədər təxirə salınıb.

Ərazisində Roke-de-los-Muçaços rəsədxanasının bir neçə güclü teleskopu olan İspaniyanın La-Palma adası 2016-cı ildə yeni teleskop üçün ehtiyat məkan seçilib.

İspaniya rəsədxanasının ətraf mühitə təsiri Avropanın müvafiq qurumları tərəfindən qiymətləndirilib. Mauna-Kea və La-Palma zirvələri gözəl havası və atmosfer şəraiti sayəsində uzaq kosmosu müşahidə etmək üçün dünyanın ən yaxşı yerlərindən sayılıb.

Gələcək teleskop böyük ölçülü güzgüsü sayəsində daha çox işıq toplayacaq və bu da onun ulduzlar və qalaktikalar kimi zəif görünən uzaq obyektləri müşahidə etməsinə imkan verəcək. Astronomlar bu teleskop vasitəsilə Kainatın ən dərin guşələrini görməyə ümid bəsləyirlər.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR