Danimarka öz vətəndaşı olan silahlılara konsul dəstəyi göstərməyəcək

19.11.2019 16:44

Danimarka öz vətəndaşı olan silahlı qruplaşmaların üzvlərinə konsul dəstəyi göstərməyəcək.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, bu bəyanat Türkiyənin terrorçu təşkilatların üzvlərinin doğulduğu ölkələrə göndərilməsinə başlamasından sonra verilib. Buna cavab olaraq Krallığın Xarici İşlər naziri Ceppe Kofod özünün Twitter səhifəsində yazıb ki, onun ölkəsinin Suriya və İraqda "İslam dövləti” terrorçu qruplaşmasına qoşulmuş vətəndaşları qarşısında heç bir öhdəliyi yoxdur. O əlavə edib: "Məhz bu səbəbdən biz xarici silahlı qruplaşmaların üzvlərinin XİN tərəfindən və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində konsul xidmətlərindən istifadə etməsini əngəlləmək istiqamətində tədbirlər görürük”. Bununla belə, hökumətin bu qərarının həyata keçirilməsi üçün parlamentin onu təsdiq etməsi lazımdır. Danimarka parlamentinin qərarı təsdiq edəcəyi təqdirdə "İslam dövləti” və ya digər terrorçu qruplaşmalara qoşulmaq üçün başqa ölkələrə səyahət edən silahlıların qarşısı alınacaq. Nazir bununla bağlı qeyd edib: "Danimarkanı ölkəmizdən üz çevirmiş, onun təhlükəsizliyini təhdid edən və bizim müdafiə etdiyimiz bütün dəyərlərə qarşı mübarizə aparan insanlara kömək etməyə vadar etmək olmaz”.

Bununla yanaşı, müxalifyönlü siyasətçilərin bir neçəsi bu tədbirləri tənqid edərək qeyd ediblər ki, atılan addım təqsiri sübut olunmamış bəzi vətəndaşları onların konstitusiya ilə təsbit olunmuş hüquqlarından məhrum edə bilər.

Qeyd edək ki, bu yaxınlarda Danimarka parlamenti terrorçu təşkilatlara qoşulmuş və ikili vətəndaşlığı olan ekstremistlərin vətəndaşlıqdan məhrum edilməsi barədə qanun layihəsini təsdiq edib.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR