Honkonqdakı iğtişaşlarla əlaqədar daha 154 nəfər saxlanılıb - FOTO

18.11.2019 17:58

Çinin Honkonq xüsusi inzibati bölgəsində noyabrın 15-17-də keçirilmiş qanunsuz aksiyalarda zorakılıq əməllərinə, yanğınlar törədilməsinə, hücum silahları aşkarlanmasına görə 154 nəfər saxlanılıb.

Bu barədə Honkonq polisi məlumat yayıb. Bununla da iyunda zorakı aksiyaların başlamasından ötən dövr ərzində saxlanılanların sayı 4491-ə çatıb. İğtişaşlar zamanı asayişi qoruyan 454 polis əməkdaşı xəsarət alıb.

Polisin yaydığı açıqlamada Honkonq Politexnik Universitetində keçirilmiş əməliyyat barədə məlumat verilib. Bildirilib ki, polis əməkdaşları aksiya iştirakçılarının onların üzərinə yandırıcı maddələr atmasından sonra əməliyyata başlayıb.

Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər. Son günlər iğtişaşlar daha da şiddətlənib. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR