Donald Tusk: Britaniyanın sorğusu ilə bağlı qərar yaxın günlərdə qəbul ediləcək

22.10.2019 13:45

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Brexit prosesinin üç ay təxirə salınmasına dair sorğusu ilə bağlı Avropa İttifaqı ölkələrinin liderləri ilə məsləhətləşmələr keçirir və yaxın zamanlarda növbəti addımlar barədə qərar qəbul edəcək.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Donald Tusk bunu Avropa Parlamentinin Strasburq şəhərində keçirilən sessiyasında bildirib.

"Böyük Britaniyada cərəyan edən son hadisələr və Londonun Brexit prosesinin təxirə salınması sorğusu ilə bağlı vəziyyət mürəkkəbdir. Mən buna veriləcək reaksiya ilə əlaqədar liderlərlə məsləhətləşmələr aparıram və yaxın günlərdə qərar qəbul edəcəyəm”, - Donald Tusk belə deyib. Onun sözlərinə görə, məsləhətləşmələrin nəticələri xeyli dərəcədə Britaniya parlamentinin qərarından asılı olacaq: "Biz istənilən ssenariyə hazır olmalıyıq. Lakin bir məsələ aydın olmalıdır: Britaniyanın Baş Naziri Boris Consona da dediyim kimi, sazişsiz Brexit bizim seçimimiz olmayacaq”.

Boris Conson Avropa İttifaqı ilə əldə etdiyi yeni saziş layihəsini oktyabrın 19-da Britaniya parlamentinin təcili iclasında İcmalar palatasından keçirə bilməyib. Deputatların əksəriyyəti Mühafizəkarlar partiyasının sabiq üzvü Oliver Letvinin təklif etdiyi düzəlişi dəstəkləyib. Düzəlişə əsasən, parlament Avropa İttifaqını tərk etmək üçün lazım olan bütün qanunları qəbul etməli və sazişin özünü yalnız bundan sonra təsdiqləməlidir.

Oktyabrın 21-də İcmalar palatasının spikeri Con Berkou Letvinin düzəlişini əsas gətirərək Avropa İttifaqı ilə əldə olunan saziş layihəsini müzakirəyə çıxarmağa icazə verməyib. Brexit şərtlərinə dair yenilənmiş sazişi parlamentin ayırdığı vaxt ərzində təsdiqlətdirə bilməyən Boris Conson prosesin təxirə salınması xahişi ilə Avropa İttifaqı Şurasının sədri Donald Tuska müraciət ünvanlamağa məcbur olub.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR