Dünyanın 10 ən rəqabətqabiliyyətli ölkəsi

10.10.2019 14:26

Azərbaycan Dünya İqtisadi Forumunun (DİF) "Qlobal rəqabətqabiliyyətlilik indeksində” 141 ölkə arasında 58-ci yeri tutur. Bu indeks 12 "dayaq qrupu”nun birləşdiyi 103 iqtisadi və sosial göstəricini ehtiva edir. Nəticədə, Azərbaycan 100 mümkün baldan 62,7 bal toplayıb. Həmin indeks üzrə 61,3 bal toplayan Ermənistan siyahıda 69-cu, habelə 60,6 bal toplayan Gürcüstan 74-cü yerdədirlər. Göründüyü kimi, ölkəmiz bu göstərici üzrə də Cənubi Qafqazda liderdir.

Rəqabətqabiliyyətlilik indeksində dünyanın 10 lider ölkəsini təqdim edir.

Sinqapur (84,8 bal) - bazar iqtisadiyyatının inkişaf etdiyi və vergilərin səviyyəsinin aşağı olduğu ölkədir. Sinqapuru az bir müddətdə inkişaf etmiş ölkələrin səviyyəsinə çatan Şərqi Asiya "pələngi” hesab edilir. Bu ölkədə elektronika istehsalı, gəmiqayırma, maliyyə xidmətləri sektoru inkişaf edib. Sinqapur CD naqillərin iri istehsalçısı, biotexnologiyalar sahəsində nəhəng tədqiqatçıdır.

ABŞ (83,7 bal). Birləşmiş Ştatlar ən yüksək inkişaf etmiş ölkədir, nominal ÜDM üzrə dünyanın birinci, ÜDM üzrə ikinci iqtisadiyyatına malikdir. Əhalisinin sayı planet göstəriciləri üzrə 4,3 faiz olsa da, amerikalılar dünyanın məcmu sərvətinin 40 faizinə sahibdirlər. Bir sıra sosial-iqtisadi göstəricilər, o cümlədən maaşların səviyyəsi, insan inkişafı indeksi və ÜDM-nin adambaşına düşən həcmi üzrə dünya lideri olan ABŞ, həm də əmək məhsuldarlığına görə digər ölkələri geridə qoyur.

Honkonq, ÇXR (83,1 bal). Honkonq beynəlxalq maliyyə və ticarət mərkəzidir. Bu şəhər Asiya-Sakit okean regionunda iri korporasiyalarını mənzil-qərargahlarının ən çox yerləşdiyi məkandır. Honkonq azad bazar münasibətləri, aşağı səviyyəli vergilər və dövlətin iqtisadiyyata müdaxilə etməməsi ilə fərqlənir. Bu offşor ərazidə yerləşən sərbəst limanda idxal üçün gömrük rüsumları, əlavə dəyər vergisi və onun ekvivalenti tətbiq edilmir.

Niderland (82,4 bal). Bu ölkədə yüksək səviyyədə inkişaf etmiş postsənaye iqtisadiyyatı formalaşıb. Ağır sənaye sahələri – neft emalı, kimyəvi məhsullar istehsalı, qara metallurgiya və maşınqayırma sahilyanı rayonlarda, xüsusən Rotterdamda, Eymyadendə, Dordrextdə, Arnem və Naymegendə cəmləşib. Bu şəhərlərin hamısı gəmiçiliyin olduğu çay və kanalların sahilində yerləşir. Dəniz sahilində isə külək enerjisi fermaları var. Bundan başqa, şokolad, siqar, cin və pivə istehsalı da inkişaf edib. O qədər də böyük olmayan miqyasına rəğmən, Amsterdamda almaz emalı da geniş yayılıb.

İsveçrə (82,3 bal). İsveçrə dünyanın ən inkişaf etmiş və varlı ölkələrindən biridir. Burada yüksək məhsuldarlıqlı kənd təsərrüfatı üzrə emal sənayesi var. Ölkənin demək olar ki, heç bir faydalı qazıntısı yoxdur. Qərb iqtisadçılarının hesablamalarına görə, İsveçrə dünyanın 10 ən rəqabətqabiliyyətli ölkəsindən biridir. İsveçrədəki dünyanın dörd qızıltəmizləmə müəssisəsində dünya qızıl emalının üçdəikisi istehsal olunur. Müvafiq olaraq, bu ölkə dünyada ən böyük qızıl idxalçısı və ixracatçısıdır.

Yaponiya (82,3 bal). Yaponiya həyat şəraiti çox yüksək olan inkişaf etmiş ölkədir. Burada ən uzunömürlü insanlar yaşayır və körpə ölümü halları dünyada ən aşağı səviyyədədir. Ölkə iqtisadiyyatının inkişafında bank xidmətləri, sığorta, daşınmaz əmlak, nəqliyyat, pərakəndə ticarət, telekommunikasiyalar və inşaat sektorlarının böyük rolu var. Yaponiya böyük istehsal gücünə malikdir, burada mexaniki nəqliyyat vasitələri, elektronika, dəzgahlar, gəmiqayırma, polad, kimyəvi maddələr, toxuculuq və qida məhsulları istehsalı üzrə bir neçə dünyamiqyaslı şirkətlər fəaliyyət göstərir.

Almaniya (81,8 bal). Almaniya dinamik inkişaf edən iqtisadiyyatı olan böyük dövlətdir. Bir neçə sənaye və texnologiya sektorunda dünya lideri olan bu ölkə əmtəə idxalı və ixracına görə üçüncü yeri tutur. Almaniya yüksək həyat şəraiti olan inkişaf etmiş ölkədir. Burada sosial və universal səhiyyə, ətraf mühitin mühafizəsi və pulsuz ali təhsil sisteminə dövlət dəstəyi var.

İsveç (81,2 bal). İsveçdə şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadiyyat var. Bu ölkədə dünyamiqyaslı 50 qlobal şirkət, o cümlədən ABB, Atlas Copco, Oriflame, Saab AB, Saab Automobile AB, Scania, Volvo, Volvo Trucks, Ericsson, TELE2, AB Electrolux, TetraPak, Alfa Laval, SKF, H&M fəaliyyət göstərir. İsveç podşipnik istehsalı üzrə dünya lideridir. Burada yüksək səviyyəli yeniliklər, inkişaf etmiş və daim modernləşən infrastruktur, mükəmməl texnika, ingilisdilli ixtisaslı personal mövcuddur.

Böyük Britaniya (81,2 bal). Böyük Britaniya iqtisadiyyatı nominal ÜDM və ÜDM üzrə dünyada 10-cu yerdədir. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətləri sistemində ölkənin ixtisaslaşmasını təmin edən maliyyə komponenti 27,7 faiz ÜDM ilə lider mövqeyindədir. Britaniya dünya bank, sığorta, broker, konsultasiya və kompüter proqramlaşdırılması xidmətlərinin 10 faizini həyata keçirir.

Danimarka (81,2 bal). Danimarka yüksək səviyyədə inkişaf etmiş aqrar-sənaye ölkəsidir. Milli gəlirdə sənayenin payı 40 faizdən çoxdur. Bu ölkə xarici ticarətin adambaşına düşən həcminə görə dünyada birinci yeri tutur. Danimarka Avropanın ən dayanıqlı iqtisadi sisteminə malikdir. Burada balanslaşdırılmış dövlət büdcəsi, sabit valyuta, vergilərin aşağı səviyyəsi və inflyasiyanın az olması diqqəti cəlb edir. (AZƏRTAC)

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR