Rusiyalı deputat: Rusiya Türk Xalqları Assosiasiyasının yaradılması məsələsi müzakirə edilir

09.10.2019 18:34

Ötən 27 ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən türkdilli xalqların hər birinin özünəməxsus mədəniyyətinin dəstəklənməsinə və inkişafına yönəldilmiş minlərlə layihə həyata keçirilib, lakin türkdilli xalqların mədəniyyətlərinin ümumiliyini və yaxınlığını, onların eyni kökdən qaynaqlandığını əyani nümayiş etdirmiş müştərək layihələr daha böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Dumasında keçirilən "Avrasiyaya inteqrasiyanın Altay vektoru” mövzusunda dəyirmi masada bəyan edib.

Rusiya Dövlət Dumasında "Mədəniyyətlərin kəsişməsi: Avrasiya məkanında mədəniyyətlərarası dialoq”, "Azərbaycan və Rusiya arasında mədəni körpülər” mövzularında dəyirmi masaların keçirildiyini qeyd edən səfir deyib: "Mən bunların hamısında parlaq ifadə olunmuş sistemlilik, dialoq qurmaq, aktual məsələləri müzakirə etmək, münasibətləri dərinləşdirmək və xalq diplomatiyasını inkişaf etdirmək istəyi görürəm. Hazırda Azərbaycan ilə Rusiya arasında etimada söykənən və konstruktiv xarakter daşıyan ikitərəfli əlaqələr bu kontekstdə olduqca səciyyəvidir”.

Diplomatın fikrincə, bu mövzu həmişə prioritet olub və ölkələrimizin ikitərəfli münasibətlərində hər bir fakt xüsusi əhəmiyyət daşıyır. P.Bülbüloğlu deyib: "Dövlət Dumasının deputatı, Xalq yazıçısı İvan İtuloviç Belekov bu yaxınlarda mənə xatırlatdı ki, Biya və Katun çaylarının qovuşması nəticəsində əmələ gələn Ob çayı üzərindən ən böyük körpü məhz sovet dövründə Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləmiş və Altaydan SSRİ Ali Sovetinə deputat seçilmiş ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Heydər Əliyev onun üçün çox əlamətdar olan bu hadisəni tez-tez səmimiyyətlə xatırlayırdı. Müasir dövrdə əlaqələrimizin simvollarını məhz belə şəxsiyyətlərin nümunəsində görürük”.

Səfir qeyd edib ki, müasir şəraitdə postsovet məkanı dövlətlərinin siyasətində Avrasiya vektorunun əhəmiyyəti artmaqdadır. Altay vektoru Avrasiyanın inteqrasiya proseslərində xüsusi rol oynamağa başlayır. Altay əsrlər və hətta minilliklər boyu bir çox xalqların qarşılıqlı fəaliyyət mərkəzi olub, onların mədəni müxtəlifliyinin elementlərini öz xəzinəsində toplayıb.

P.Bülbüloğlu vurğulayıb: "1992-ci ildə Azərbaycan tərəfinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin dəstəyi və iştirakı ilə türkdilli ölkələrin mədəniyyətlərini birləşdirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY yaradılıb. TÜRKSOY-un əsas məqsədi türkdilli xalqlar arasında ümumi maddi-mədəni dəyərləri və abidələri qoruyub saxlamaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək naminə əməkdaşlıq olub. Mənə TÜRKSOY-un yaradılmasının təməlində dayanmaq və 14 il ərzində bu təşkilata başçılıq etmək səadəti nəsib olub. Təəssüf ki, Rusiyada bu təşkilata heç də hamı müsbət yanaşmır, halbuki o, siyasətdən uzaqdır və sırf türkdilli xalqların identikliyinə kömək edən mədəni başlanğıc daşıyır. Odur ki, Avrasiya məkanı türkdilli mədəniyyət olmadan yaşaya bilməz”.

Diplomat xatırladıb ki, Altay təkcə türkdilli xalqların ilk vətəni deyil. Ənənəyə görə, Altay dilləri ailəsini türk, monqol, tunqus-mancur, Koreya və yapon-ryukyu qollarına ayırırlar. Hesab edilir ki, bütün bu xalqlar uzaq keçmişdə öz yollarını məhz Altaydan başlayıblar. Oradan bütün dünyaya səpələniblər və planetimizin hər yerinə öz mədəniyyətlərini və ənənələrini gətiriblər. Səfir fikrini bu sözlərlə tamamlayıb: "İndi "daşları toplamaq” vaxtı gəlib çatıb. Fürsətdən istifadə edərək demək istəyirəm ki, çoxlarımızın ümumi kökləri, ümumi qaynaqları, ümumi sivil inkişaf yolları var. Bu zalda oturanların çoxunun da yolları, çox güman ki, Altay adlı müqəddəs torpaqdan başlayıb”.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin üzvü İvan Belekov qeyd edib ki, Altayda Azərbaycanın ümummilli lideri Heydər Əliyevi xatırlayırlar və xatirəsini dərin ehtiramla anırlar. Deputat deyib: "Bu körpü insanları, mədəniyyətləri və ənənələri yaxınlaşdırır”. O, həmçinin TÜRKSOY-un fəaliyyətində daha yaxından iştirakın əhəmiyyətini vurğulayıb.

Rusiyada Türk Xalqları Assosiasiyası yaradılmasının planlaşdırıldığını diqqətə çatdıran Dövlət Dumasının millətlərin işləri komitəsinin sədri İldar Gilmutdinov deyib: "Azərbaycan səfiri çox mühüm mövzuya toxundu. Biz tərəfdaşlarla Rusiya Türk Xalqları Assosiasiyasının yaradılması mövzusunu müzakirə edirik”.

Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova xatırladıb ki, bu günlərdə Bakıda "LiFFt” IV Avrasiya ədəbi festivallar festivalı keçirilib. Bu festival ədəbi ictimaiyyətin mədəni həyatının parlaq hadisələrindən birinə çevrilib. Festival 2019-cu ildə BMT tərəfindən elan edilmiş "Yerli xalqların dilləri ili” proqramının himayəsi ilə və böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi şərəfinə keçirilib. Tədbirin təşkilatçıları "LiFFt” Avrasiya Xalqlarının Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur. Festivalın işində 50 ölkədən yazıçılar iştirak edib. O, festivalın uğurla keçirilməsinə dəstək göstərdiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

© xezerxeber.az

FOTOQALERIYA






121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR