İqlim dəyişmələrinə qarşı mübarizə üçün yeni təklif var

25.08.2019 13:39

Amerika alimləri iqlim dəyişmələri səbəbindən potensial təhlükə yaradan rayonlardan insanların mütəşəkkil köçürülməsini nəzərdə tutan "geri çəkilmə” konsepsiyasını irəli sürüblər. Söhbət, ilk növbədə, qasırğa və fırtınaların təsirinə məruz qalan, habelə dünya okeanının səviyyəsinin qalxması üzündən suyun altına getmək təhlükəsi ilə üzləşən sahilyanı zonalardan gedir. Mütəxəssislər hesab edirlər ki, dövlətlər və beynəlxalq təşkilatlar həm maliyyə, həm də sosial aspektlərin nəzərə alındığı köçürülmə proqramları işləyib hazırlamalıdırlar.

AZƏRTAC "russian.rt.com” saytına istinadla xəbər verir ki, konsepsiya müəlliflərinin fikrincə, belə yanaşma nəinki iqtisadi nəticələri yumşaltmağa, həm də müəyyən strateji məsələləri həll etməyə imkan verəcək. Tədqiqatçılar hesab edirlər ki, köçürülmə əvvəlcədən işlənib hazırlanmış plan üzrə mütəşəkkil aparılmalıdır. Onlar belə bir geniş yayılmış fikrə qarşı çıxırlar ki, iqlim dəyişmələri səbəbindən getdikcə daha da təhlükəli olan rayonlardan insanların köçürülməsi ən son tədbirdir.

Mütəxəssislər deyiblər: "Artıq məsələ bunda deyil ki, geri çəkilmə olacaq, ya olmayacaq. İndi söhbət bu prosesin necə, harada və hansı səbəblərə görə həyata keçiriləcəyindən gedir.

Alimlərin fikrincə, cəmiyyətin köçürülməyə münasibəti radikal şəkildə dəyişməlidir. Bu gün ictimai şüurda insanla təbiətin daimi qarşıdurması barədə təsəvvürlər hökmranlıq edir. Odur ki, sahilyanı ərazilərdən köçürülmə məğlubiyyət kimi qəbul edilir. Bəşəriyyət təbiətə bu cür münasibəti dəyişməli və planetimizdə baş verən proseslərə fəal surətdə uyğunlaşmalıdır.

Amerika alimlərinin fikrincə, gələcəkdə geri çəkilməyə özündə yeniliyi əsaslı araşdırma, prosesin və onun bütün iştirakçılar üçün nəticələrinin qiymətləndirilməsi ilə birlikdə sınaqdan keçirməyə hazırlığı birləşdirən eksperimentçi yanaşma tələb edir.

İnsanların materiklərin içərisinə köçürülməsi bütün bəşəriyyətdən planlaşdırma və birgə fəaliyyət tələb edəcək. Məsələn, köçürülmə planları milli və qlobal iqtisadi planlara daxil edilməli, onların həyata keçirilməsi isə bütün yerli xüsusiyyətləri və konkret cəmiyyətlərin tələbatını nəzərə almalıdır”.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR