Avropa Komissiyası Bolqarıstanı və İspaniyanı məhkəməyə verib

26.07.2019 14:33

Avropa Komissiyası Bolqarıstanı və İspaniyanı məhkəməyə verib.

Xezerxeber.az xəbər verir ki, buna səbəb həmin ölkələrin öz vətəndaşlarını havanın çirklənməsindən qoruya bilməməsi olub.

Komissiyanın izahatında deyilir: "Bolqarıstan kükürd-dioksidin (SO2), İspaniya isə azot-dioksidin (NO2) yol verilə bilən həddinə riayət etmir.

İspaniyada iki iri şəhərdə: Madriddə və Barselonada daha pis vəziyyət yaranıb. Bu şəhərlərdə havanın çirklənmə dərəcəsi daim artmaqdadır. Komissiyanın bəyanatında deyilir: "İspaniyada havanın keyfiyyəti barədə təqdim edilmiş yeni məlumatlar azot-dioksidin yol verilə bilən həddi barədə Avropa İttifaqının qəbul etdiyi və 2010-cu ildən etibarən qüvvədə olan qaydaların mütəmadi pozulmasını təsdiq edir”.

Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, azot-dioksidin müəyyən olunmuş həddinə riayət edilməməsi İspaniyada hər il 9 minə yaxın insanın vaxtsız ölümünə səbəb olur.

Bolqarıstanda analoji məlumatlar göstərir ki, bu ölkədə kükürd-dioksidin yol verilə bilən səviyyəsinə riayət olunmur. Avropa İttifaqı Bolqarıstanda havanın keyfiyyət standartlarına riayət edilməməsi ilə əlaqədar ikinci dəfədir ki, məhkəməyə müraciət edir. Məhkəmə 5 aprel 2017-ci il tarixli qərarında Bolqarıstan tərəfindən PM10 hissəciklərinin yol verilə bilən həddinə riayət olunmamasını təsdiq edib.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR