Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyinə dair konfransın materialları Fransa Milli Assambleyasının saytında yerləşdirilib

26.07.2019 13:48

Fransa Milli Assambleyasının saytında ötən ay ölkə parlamentində Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuş "Qadın hüquqları: Şərqin və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın materialları yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, saytda yerləşdirilən məlumatda konfransda Fransa Milli Assambleyasının Qadın hüquqları komitəsinin sədri Mari-Pyer Riksenin, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayevin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, Milli Məclisin deputatı Sahibə Qafarovanın, UNESKO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Coratın, avropalı deputat Patrisiya Lalondun, ALP şirkətinin prezidenti Ann Loverjonun və digərlərinin çıxış etdikləri göstərilir və həmin çıxışların mətni verilir.

Qeyd edilir ki, konfransda Azərbaycan-Fransa əlaqələrinin tarixinə toxunularaq, Azərbaycan Xalq Cümhuriyyətindən, onun nailiyyətlərindən danışılıb, ölkəmizin 100 il əvvəl dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni hüquqlar verən ilk dünyəvi müsəlman dövləti olduğu diqqətə çatdırılıb. Ölkəmizdə qadınların cəmiyyətin bütün sahələrdə fəal olmasından, onların hüquqlarının müdafiəsi istiqamətində dövlət səviyyəsində həyata keçirilmiş tədbirlərdən, bu sahədə qəbul edilmiş qanunlardan, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlardan bəhs edilib. Qadınların məşğulluğu sahəsində, xüsusilə də qaçqın və məcburi köçkün qadınlarla bağlı həyata keçirilən layihələrdən söz açılıb, sahibkar qadınlara dövlət tərəfindən dəstək göstərildiyi vurğulanıb.

Konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Fransa Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonnar ilə görüşdüyü qeyd olunub.

© xezerxeber.az

FOTOQALERIYA






112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR