Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

BMT ahılların hüquqlarını qorumağa çağırıb

23.07.2019 13:52

Birləşmiş Millətlər Təşkilatı (BMT) ahıl insanların hüquqlarını beynəlxalq qanunvericiliklə qorumağa çağırıb. BMT-nin bununla bağlı bəyanatında Afrikada və dünyanın başqa qitələrində yerləşən bir sıra ölkələrdə təqaüd yaşına çatmış insanlara yetərincə diqqət göstərilmədiyi qeyd edilir.

Ahıl insanların, xüsusən qadınların hüquqlarının qorunması məsələsi BMT-nin İnsan Hüquqları Komissiyasında müzakirə olunub. Çıxış edənlər bu kateqoriyadan olan bir çox insanın düşdüyü ağır vəziyyətdən bəhs edib, onların problemlərinin həlli istiqamətində beynəlxalq əməkdaşlıq məsələlərinin ətrafında fikir mübadiləsi aparıblar. BMT-nin insan haqları üzrə Ali komissarı Mişel Baçelet bildirib ki, ahıl insanların iqtisadi inkişafa töhfəsi layiqincə qiymətləndirilməlidir. Onun sözlərinə görə, planetimizdə 60 yaşından yuxarı qadınların dörddəbiri işləməyə məcburdur, onların bir çoxu kənd təsərrüfatı və əməklərinin lazımınca qiymətləndirilmədiyi digər sahələrdə çalışır. Məsələn, Afrika ölkələrində bu yaşda olan qadınların 42 faizi işləməyə məcburdur.

Ali komissar əlavə edib: "Ahıl qadınların bir çoxu ev xidmətçiləri kimi çalışır, onların fəaliyyəti xalq təsərrüfatının bir hissəsi sayılmır, lakin bu əmək növü də vacibdir”. O, xidmət sahələrində işləyən bu insanların hüquqlarını qorumağa çağırıb.

BMT-nin İnsan Hüquqları İdarəsinin hazırladığı hesabata görə, ahıl insanlar daha çox ayrı-seçkiliyə məruz qalırlar, onların hüquqları pozulur, beynəlxalq ictimaiyyət isə bu problemlərə yetərincə diqqət yetirmir. Hesabatda qeyd olunur: "Ahıl insanların sosial həyatda və iqtisadiyyatda iştirakı da problemlidir. Belə ki, cəmiyyətin qocalara münasibəti müsbət deyil”. Müəlliflər bildirirlər ki, bəşəriyyət tarixində ilk dəfə olaraq 65 yaşından yuxarı insanların sayı azyaşlılardan çoxdur, əsrin ortalarında isə bu rəqəmin ikiqat artacağı gözlənilir. BMT-nin insan haqları üzrə Ali komissarının müavini Keyt Gilmor bunu uzunömürlüyün təmin olunması və yoxsulluğun azaldılmasının nəticəsi hesab edir. Onun sözlərinə görə, sosial təbirlərin və tibbin inkişafı sayəsində insanlar daha sağlam və uzunömürlü olublar, daha yaxşı şəraitdə yaşayırlar. Lakin bu, heç də hamını əhatə etmir.

Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Rudiger Kreç də hesab edir ki, ahıl yaşda olan insanların sağlamlığı cəmiyyətin yükün azaldır. Sosioloq alimlər və hüquqşünaslar ahıl insanların hüquqları ilə bağlı yeni konvensiyanın işlənib hazırlanmasını təklif edirlər. Bu təklifi BMT-nin İnsan Hüquqları Komissiyasında avstraliyalı alim Endryu Barns səsləndirib. Yeni sənəddə bu qrupa aid insanların, xüsusən təqaüdə çıxmaq imkanı olmayan qadınların əmək və yeni peşə təhsili almaq hüquqlarının təmin olunması öz əksini tapacaq.

© xezerxeber.az


96 dəfə oxunub

ÇOX OXUNANLAR